
AMEA-nın 30 aprel – 2 may tarixlərində Qarabağ Universitetində “Azərbaycanda “Qarabağnamə” ənənəsi və Akademiyanın Qarabağnaməsi” mövzusunda keçirdiyi yubiley elmi konfransı zamanı və ümumiyyətlə heç vaxt bu ali təhsil ocağına sosial şəbəkələrdə yazıldığı kimi yüzə yaxın noutbuk yox, 1215 (min iki yüz on beş) adda kitab və bir ədəd rəsm əsəri hədiyyə edilib.
Primeinfo.az xəbər verir ki, bu barədə AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Bildirilib ki, hədiyyələrin içərisində bir ədəd də noutbuk olmayıb:
“Çin Xalq Respublikasından AMEA-nın 80 illik yubileyi tədbirində tərəfdaşımız olan Hebey Sosial Elmlər Akademiyasından üç, Honkonq Kore Akademiyasından isə dörd nəfər iştirak edib. Yubileydə iştirak edən digər qonaqlarımız kimi, çinli qonaqlarımızın da yol xərclərini (aviabiletlərini) göndərən tərəf, ölkədaxili otel və yemək xərclərini isə AMEA ödəyib. Bundan əlavə, dekabr ayında Çin Elm və Texnologiya Assosiasiyası xətti ilə görkəmli Çin riyaziyyatçı alimi Liu Huinin 1800 illik yubileyi tədbirində iştirak edən 20 nəfərə yaxın çinli qonaqlardan səkkiz nəfəri Pekindən gəlib, qalanları o ölkənin Bakıda təhsil alan tələbələrindən ibarət olub. Bakı şəhərində cəmi bir gün qalmış həmin səkkiz nəfərin bütün xərcləri özləri tərəfindən qarşılanıb. AMEA tərəfdən yalnız konfransdan sonra çinli və azərbaycanlı iştirakçılara çay-şirniyyat süfrəsi (kofe-breyk) təqdim olunub. Buna isə Akademiya 600 (altı yüz) Azərbaycan manatı həcmində maliyyə vəsaiti xərclənib.
Akademiya Rəyasət Heyəti üçün 2025-ci ildə alınmış 35 ədəd kompüterin hamısı alınan kimi hissə-hissə AMEA Rəyasət Heyəti aparatının elmi bölmələrinə və şöbələrinə paylanılıb. Alınmış altı ədəd soyuducular Biologiya və Tibb Elmləri Bölməsi ilə Mətbuat xidmətinin birgə otağında (otaq №515), Kimya Elmləri Bölməsində (otaq №214), Beynəlxalq əlaqələr şöbəsində (otaq №505), Təsərrüfat şöbəsində (otaq №103) yerləşdirilmişdir. İki ədəd soyuducu və “Ariston” su qızdırıcıları isə AMEA Rəyasət Heyətinin binasında müxtəlif mərtəbələr üzrə mətbəxlərə və sanitar qovşaqlarına qoyulub.
İl ərzində AMEA-nın Nəqliyyat şöbəsinə aid maşınların hamısı Akademiya tərəfindən təmir edilmiş, heç bir sürücünün bu işə bir manat da sərf etməsinə yol verilməyib.
Sosial şəbəkələrin “on üçüncü maaş” adlandırdıqları ilin sonunda verilən bir aylıq əməkhaqqı qədər sosial yardım üçün AMEA-nın 2025-ci ilin büdcəsində maliyyə vəsaiti nəzərdə tutulmayıb. Əməkdaşlara isə il ərzində altı dəfə bir aylıq əməkhaqqı miqdarında mükafatlar verilib.
AMEA Azad Həmkarlar Təşkilatı xətti ilə Yeni il şənlikləri üçün əməkdaşlara verilmək məqsədilə 750 ədəd şənlik bileti alınmış, qurumun saytında bu barədə məlumat verilmiş, arzu edənlərə həmin biletlər çatdırılıb”, məlumatda qeyd olunub.