Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan XİN: Yəmənin ərazi bütövlüyünə dəstəyimizi bir daha təsdiqləyirik

27.12.2025 19:11


Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı və Birləşmiş Ərəb Əmirliklərinin Yəmən Respublikasında gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin təşviqi istiqamətində göstərdiyi səyləri alqışlayır.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Qeyd olunub ki, Yəməndə mövcud vəziyyət təmkinli davranmağın, kollektiv fəaliyyətə, dialoqa və sülh yolu ilə həllərə üstünlük verməyin zəruriliyini önə çıxarır.

“Azərbaycan Yəmən Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyir və ölkədə davamlı sülh, rifah və inkişafın əldə olunması məqsədilə yəmən xalqının maraqlarının qorunmasına yönəlmiş bütün təşəbbüsləri yüksək qiymətləndirir”, – paylaşımda bildirilib.

Xatırladaq ki, Yəməndəki Cənub Keçid Şurası (CKŞ) 4 dekabr tarixində ölkənin şərqində yerləşən neftlə zəngin Hədraməvt vilayətindəki ən vacib bölgələri, həyati əhəmiyyətə malik şəhərləri və neft yataqlarını nəzarətə götürdüyü bildirilib. Dekabrın 9-da Mehra vilayətinin də ələ keçirildiyi açıqlanıb.

Yəmən Prezidentlik Şurası isə Hədraməvt və Mehra vilayətlərindən geri çəkilmək çağırışı edib. Lakin Cənub Keçid Şurası vilayətlərdən çıxmayıb.

Bununla yanaşı, Yəmənin neft şirkəti “PetroMasila” bəzi obyektlərin Hədraməvt Qəbilələr İttifaqı təəfindən ələ keçirilməsi səbəbindən 1 dekabr tarixində istehsalı tamamilə dayandırıb.

Onu da bildirək ki, Yəməndə 2013-cü ildə qurulan və vilayət üçün muxtariyyət tələb edən Hədraməvt Qəbilələr İttifaqı CKŞ və Yəmən hökumətinə bağlı olmayan yerli qüvvələrdən ibarətdir. Bu isə ölkədəki vəziyyəti daha da gərginləşdirir.

Paylaş: