
Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.
Primeinfo.az xəbər verir ki, dekabrın 19-da Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.
22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Böyük Kəsik stansiyasından yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, bu barədə razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.