Xəbər axtarın

Son axtarış nəticələri:

“Çəyirtkənin öpüşü”nün Bakıda premyerası olacaq

02.12.2025 15:58

5-9 dekabr tarixlərində keçiriləcək Bakı Beynəlxalq Film Festivalı (BBFF) çərçivəsində Almaniyada yaşayan rejissor Elmar İmanovun “Çəyirtkənin öpüşü” filminin Azərbaycan premyerası olacaq.

Primeinfo.az xəbər verir ki, ilk dəfə Berlin Film Festivalında nümayiş olunan ekran əsəri 8 dekabr saat 16:00-da Nizami Kino Mərkəzində göstəriləcək.

Film BBFF-in Beynəlxalq debut tammetrajlı bədii film müsabiqəsində yarışır.
İstehsalında dünyanın müxtəlif yerlərindən 700-dən çox nümayəndənin iştirak etdiyi ekran əsəri Almaniya, İtaliya və Lüksemburqun ortaq istehsalıdır.

Filmdə yazıçı Bernard qoyunu və coşğun münasibətdə olduğu sevgilisi Aqata ilə qəribə-realist bir dünyada yaşayır. Bir gün insan boyda çəyirtkə peyda olur. Bernard atasının ölümcül xəstəliyindən xəbər tutur…

Rolları Len Kudrjavizki, Mixail Haneman, Sofi Mouzel, Rasim Cəfər oynayır.

Elmar İmanov Azərbaycanda çəkdiyi “Tabutçunun yelləncəyi” filmi ilə “Tələbə Oskarı” mükafatında “Xarici film” nominasiyası üzrə bürünc medal qazanıb. “Mövsümün sonu” isə nüfuzlu Rotterdam Film Festivalında mükafata layiq görülüb.

Qeyd edək ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi BBFF bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində reallaşır.

Paylaş: