Xəbər axtarın

Son axtarış nəticələri:

Oqtay Qasımov: "Ukraynanın təhlükəsizlik zəmanətləri: ABŞ və Avropa ölkələri üzərində təzyiq artır" – ŞƏRH - VİDEO

11.12.2025 20:30

“Ukraynanın NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatları əldə etmək cəhdi gündəmdə qalmaqdadır. Kiyev administrasiyası bu zəmanətlərin sırf bir liderin imzası ilə deyil, ABŞ Konqresi tərəfindən təsdiqlənmiş rəsmi sənəd formasında qəbul edilməsini tələb edir”.

Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Oqtay Qasımov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

O deyib ki, Ukraynanın məqsədi gələcəkdə Rusiya tərəfindən mümkün yeni təcavüz halında ABŞ-ın hüquqi öhdəliyinin yaranması və təhlükəsizlik təminatlarının davamlı şəkildə qüvvədə qalmasıdır.

Şərhçinin sözlərinə görə, Avropa ölkələrinin prosesə qoşulması məsələsi də müzakirələrdə xüsusi yer tutur.

“Hazırda bu istiqamətdə ciddi proses gedir və Ukrayna üzərində böyük təzyiqlər mövcuddur. Donald Trampın iki gün öncəki açıqlamalarına nəzər yetirdikdə görürük ki, o, Ukraynanın hazırkı vəziyyətini tənqid edir, Rusiyanın yanaşmasını daha məqbul hesab etdiyini bildirir və proseslərin ABŞ-nin maraqlarına uyğun olduğunu vurğulayır. Tramp eyni zamanda Ukraynanı qeyri-demokratik idarəçilikdə ittiham edir və ölkədə seçkilərin keçirilməsinin vacibliyini önə çəkir”, – O.Qasımov qeyd edib.

Onun sözlərinə görə, Ukrayna tərəfi seçkilərin təxirə salınmasının səbəbini Konstitusiya tələbləri və davam edən Rusiya təcavüzü ilə izah edir. Daha əvvəl Ukrayna Ali Radası da müharibə şəraitində seçkilərin keçirilməsinin mümkün olmadığını bəyan edib.

Daha ətraflı “Qırmızı masa”da:

Paylaş: