
Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi, şair-qəzəlxan Əliağa Vahidin doğum günüdür. Onun anadan olmasından 131 il ötür.
Primeinfo.az xəbər verir ki, Əliağa Məmmədqulu oğlu İsgəndərov fevralın 17-si 1895-ci ildə dünyaya gəlib.
O, mədrəsədə oxumağa başlasa da, daha sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyaraq xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şeirlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. Onun “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir: “Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s. yazıb, “Kommunist” qəzetində, “Molla Nəsrəddin” jurnalında əməkdaşlıq edib.
“Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə (“Döyüş qəzəlləri”, 1943; “Qəzəllər”, 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.
Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəst-xəti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.
Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. O, Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.