
“Məncə ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın xarici siyasətində növbəti çox böyük uğurdur. Əvvəlcə ordan başlayaq ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vens X-də “erməni soyqırımı” abidəsini ziyarəti ilə bağlı paylaşımını silmək məcburiyyətində qaldı. Keçmişdə ABŞ rəsmilərinin mövzuyla bağlı etdiyi açıqlamaları, ermənipərəst region siyasətini yada salsaq, bu eyni zamanda Azərbaycan-Türkiyə ittifaqının, zəfərimizin gücünün, təsirinin, nəticələrinin meydana çıxartdığı bir mənzərədir”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri politoloq Telman Nüsrətoğlu sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, hələ ki, dünyanın bir nömrəli gücü olma vəsfini sürdürən ABŞ-lə imzalanan Xartiya Azərbaycanın postmünaqişə mərhələsində regional gücdən transregional aktora çevrilməsinin hüquqi-siyasi çərçivəsini də ortaya qoyur:
“ABŞ açıq şəkildə Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təsdiqləyir. Bu, xüsusilə Erməni lobbisinin uzun illər Vaşinqtonda yaratdığı təzyiq, Rusiyanın regionumuzla bağlı bitməyən imperyal iştahı fonunda diplomatik qələbədir. Bu sənədlə ABŞ Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi tanıyır…
Məncə xartiyanın ən kritik hissəsi Transxəzər Orta Dəhlizi və TRIPP layihəsinin ayrıca vurğulanmasıdır. Bu, faktiki olaraq Çinin Avropaya çıxışının, Mərkəzi Asiyanın Qərbə inteqrasiyasının,
kritik mineralların qlobal bazarlara daşınmasının, enerji və data axınlarının mərkəzinə Azərbaycanın yerləşdirilməsi deməkdir. Xüsusilə, Naxçıvanla maneəsiz bağlantının daha bir beynəlxalq sənəddə yer alması Azərbaycanın Zəngəzur istiqamətində diplomatik mövqeyini ciddi şəkildə gücləndirir.
Sənəd enerjidən süni intellektə Azərbaycanın xammal ölkəsindən texnoloji ölkəsinə transformasiyasına da yol açır. İlk dəfə olaraq Azərbaycan rəqəmsal infrastruktur, süni intellekt, texnologiya transferi, sənaye əməkdaşlığı kimi sahələrdə ABŞ-lə tərəfdaş ölkə kimi təqdim olunur.
Təhlükəsizlik sahəsində də müdafiə sənayesi məhsullarının satışı, antiterror əməkdaşlığı, kibertəhlükəsizlik, mühüm infrastrukturun qorunması, minatəmizləmə texnologiyalarının ötürülməsi kimi nüanslar Azərbaycana NATO-vari tərəfdaş statusu qazandırır. ABŞ açıq şəkildə bildirir ki, Cənubi Qafqazda sülhün açarı Bakıdadır.
Bu, Prezident İlham Əliyevin uzunmüddətli çoxvektorlu siyasətinin kulminasiya nöqtəsi, Azərbaycanın mühüm başarısıdır”.
