Xəbər axtarın

Son axtarış nəticələri:

“Qəzəlxan” filminin yubileyi keçirilib - FOTO

20.02.2026 16:43

“CineMastercard” kinoteatrında Azərbaycan şairi, qəzəlxan Əliağa Vahidin həyatından bəhs edən, Xalq artisti, kinorejissor Şahmar Ələkbərovun “Qəzəlxan” bədii filminin 35 illik yubileyi münasibətilə mərasim və filmin nümayişi keçirilib.

Primeinfo.az xəbər verir ki, tədbir “CineMastercard” kinoteatrının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə filmin ssenari müəllifi və rejissoru, kinorejissor Şahmar Ələkbərovun ailə üzvləri, kinematoqrafçılar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

“CineMastercard” Kinoteatrlar Şəbəkəsi Müşahidə Şurasının sədri Zaur Darabzadə Azərbaycan mədəniyyətinə hər zaman yüksək qiymət verdiklərini və sözügedən nümayişin bu baxımdan vacib olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev “Qəzəlxan” filminin Azərbaycan kinosundakı yeri və Şahmar Ələkbərovun yaradıcılığından danışıb.

Nümayişdə iştirak edən filmin yaradıcı heyətinin üzvləri – baş rolun ifaçısı Loğman Kərimov, təsvir rejissoru Rafiq Əliyev, ikinci rejissor Elman Şeydayev, redaktor Orxan Fikrətoğlu və prodüser Azər Quliyev 35 il öncəyə boylanaraq filmin istehsalat prosesi, həmin dövrdə gedən proseslərdən söz açıblar.

Qeyd olunub ki, filmin çəkilişləri dövrümüzün ağrılı və ziddiyətli mərhələlərindən biri olan 20 Yanvar hadisələrinin yaşandığı günlərdə aparılıb.

Sonda Şahmar Ələkbərovun ailə üzvlərinə dərin minnətdarlıq ifadə olunub və film nümayiş olunub.

Paylaş: