Xəbər axtarın

Son axtarış nəticələri:

Sənaye zonalarına investisiya qoyuluşu 7 milyard manata çatıb

24.02.2026 15:36


İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəetməsində olan sənaye zonalarına investisiya qoyuluşu 7 milyard manat təşkil edib.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bunun 136 milyon manatı ötən ilin payına düşüb.

“İndiyə qədər sənaye zonalarında 138 rezident və 13 qeyri-rezident, təkcə ötən il isə 25 rezident və 4 qeyri-rezident qeydiyyatdan keçib. Ümumi investisiya portfeli 8,7 milyard manatdan artıq olan layihələr üzrə 7 milyard manat faktiki sərmayə yatırılıb. Ümumilikdə 82 yeni müəssisə, təkcə ötən il isə 14 yeni müəssisə fəaliyyətə başlayıb. Ümumilikdə 9 700-dən çox, təkcə ötən il isə 1 100 daimi iş yeri yaradılıb.

2015-2025-ci illərdə sənaye zonalarında ümumi dəyəri 19 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun da 6 milyard manatdan artıq hissəsi ixrac edilib. Təkcə ötən il isə satışın ümumi dəyəri 4 milyard manata yaxın, o cümlədən ixracın ümumi dəyəri isə 1,2 milyard manat təşkil edib. Sənaye parklarında tətbiq edilən vergi və gömrük güzəştləri nəticəsində rezidentlər ümumilikdə 547 milyon manat, təkcə ötən il isə 42 milyon manat vəsaitə qənaət ediblər”.

S.Adıgözəlov onu da deyib ki, sənaye zonalarına xarici investisiya qoyuluşu getdikcə artmaqdadır: “Sənaye zonaları ilə bağlı rəqəmlər onların artıq formalaşmış və dayanıqlı bir sənaye mühitinə çevrildiyini göstərir. Əgər 2016-cı ildə cəmi 10,4 milyon xarici investisiya cəlb olunmuşdusa, 2025-ci ildə bu rəqəm 87,9 milyon manata çatıb. Bu rəqəmlər iqtisadi zonalarımızın beynəlxalq investorlar üçün cəlbediciliyinin davamlı olaraq artdığını aydın şəkildə göstərir. Sənaye zonalarına Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Bolqarıstan, Rusiya, Pakistan kimi ölkələrdən olan sahibkarlar sərmayə qoyublar”.

Onun sözlərinə görə, Mingəçevir, Qaradağ, Pirallahı və Hacıqabul sənaye parklarında, eləcə də Neftçala, Sabirabad və Masallı sənaye məhəllələrində istehsalın genişləndirilməsi və yeni layihələrin icrası davam etdirilir: “2024-cü ilin sonunda yaradılmış Naxçıvan Sənaye Parkı və 2026-cı ildə təsis edilmiş Qərb Sənaye Parkında da hazırda zəruri infrastrukturun qurulması istiqamətində işlər aparılır.

Bu il Naxçıvan Sənaye Parkında ilk rezidentin qeydiyyatının həyata keçiriləcəyi gözlənilir. Hazırda Parkın layihə-smeta sənədlərinin hazırlanması proseduru həyata keçirilir. Yaradılan sənaye infrastrukturu regionlarda sahibkarlığın inkişafına, sənaye potensialının balanslı şəkildə formalaşdırılmasına və iqtisadi aktivliyin genişlənməsinə xidmət edir”.

Paylaş: