
24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması postsovet məkanında bir çox şəxslərin bioqrafiyasına yenidən diqqət yönəltdi. Həmin dövrdə Azərbaycanın Ukraynadakı səfiri olmuş Elmira Axundova məşhur qaçışı ilə ictimai müzakirələrin mərkəzinə düşən fiqurlardan biri idi. Lakin diqqəti cəlb edən məqam təkcə diplomatik fəaliyyəti deyil, həm də ailə keçmişi ilə bağlı açıq qalan suallar oldu.
Arxiv sənədlərindəki məlumatlar
Rusiyanın “Pamyat-naroda.ru” (“Xalqın yaddaşı”) saytında yerləşdirilən və üzərindən məxfilik qrifi götürülmüş sənədlər var. Vaxtilə məxfi olmuş yüz minlərlə arxiv sənədi arasında Elmira Axundovanın atası Hüseyn Qafar oğlu Qafarovla bağlı da üç sənəd yer alır. Ümumilikdə isə Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Arxivində onunla bağlı beş sənəd mövcuddur. Bu sənədlər məxfilikdən çıxarılsa da, açıq mənbələrdə yerləşdirilməyib. Arxivdə 231 saylı rəfdə, 5-ci qutuda saxlanılır.
Məlumata görə, həmin qapalı sənədlərlə yalnız arxivə birbaşa müraciət etməklə tanış olmaq mümkündür. Ehtimal olunur ki, bu beş sənəd Hüseyn Qafarov barəsində çıxarılmış ittihamedici məhkəmə hökmünü və istintaq materiallarını əhatə edir. Hüseyn Qafarovun xidmət etdiyi hərbi hissə 1942-ci ildə qızğın döyüşlərin getdiyi Ukrayna ərazisində yerləşib. O dövrdə şiddətli döyüşlər zamanı hər iki tərəfdən özbaşına hərbi hissəni tərk edən, hərbi mükəlləfiyyətdən yayınan fərarilər çox olub. Bu faktlar müəyyən nəticələr çıxarmağa əsas verir.
Maraqlıdır ki, 80 il sonra Hüseyn Qafarovun qızı da Ukrayna ərazisində müharibə başlayandan dərhal sonra oranı tərk edib. Məxfilikdən çıxarılmış sənədlərə qayıdaq. Hüseyn Qafarovla bağlı açıq mənbədə üç sənəd mövcuddur. Bu sənədlər Rusiya Federasiyası müdafiə nazirinin 8 may 2007-ci il tarixli, 181 nömrəli əmri əsasında məxfilikdən çıxarılıb və ictimaiyyətin ixtiyarına verilib. Hüseyn Qafar oğlu Qafarov 1913-cü ildə Masallının Mollaoba kəndində anadan olub. 1934-cü ildə hərbi xidmətə başlayıb. Arxiv sənədlərinə görə, 1942-ci ilin fevralında ordudan uzaqlaşıb və ya uzaqlaşdırılıb.
30 sentyabr 1943-cü ildə Hərbi Hava Qüvvələrinin Hərbi Tribunalının mayoru İvan Fomin tərəfindən imzalanmış və “Fəaliyyətdə olan Hərbi Qüvvələrin İtkiləri Bürosu”na ünvanlanmış sənəddə 21 avqust – 20 sentyabr 1943-cü illər arasında çıxarılmış hökmlər üzrə məhkum edilmiş hərbçilərin siyahısı təqdim olunur. Həmin siyahıda Hüseyn Qafar oğlu Qafarovun 10 il müddətinə azadlıqdan məhrum edildiyi göstərilir. Məxfilikdən çıxarılmış sənədlərdə Hüseyn Qafarovun cəzasının yüngülləşdirilməsi, vaxtından əvvəl azad edilməsi və ya bəraət alması barədə məlumat yoxdur.
Elmira Axundovanı tanıyanlar bildirirlər ki, o, atasını hər kəsə “mayor Fərman” kimi təqdim edib. Bunun səbəbi nədir? Rəsmi sənədlərdə ata adı Hüseyn olduğu halda, onu Fərman kimi təqdim etməsi nə ilə bağlıdır? Bu, atasının keçmişini və məhkumluğunu gizlətmək cəhdi ola bilərmi?
Axundovanın Azərbaycanda bir neçə dönəm deputat olması onunla bağlı arxiv faktların daha geniş araşdırma və rəsmi izahını tələb edir.
Rəsmi məlumatlara görə, Elmira Axundova 26 may 1953-cü ildə Moskva vilayətində anadan olub. Bioqrafiyasına əsasən, ailə 1959-cu ildə Azərbaycana qayıdıb. Bu dövr, arxiv sənədlərində göstərilən cəza müddəti ilə üst-üstə düşdüyündən, ailənin həmin illərdə hansı şəraitdə yaşaması barədə müxtəlif ehtimallar mövcuddur. Lakin bu məsələ ilə bağlı arxivlərdə tam və açıq məlumat yoxdur.
Elmira Axundova Bakıda təhsil alıb, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Müxtəlif illərdə Azərbaycan Yazıçılar İttifaqında çalışıb, mətbuat orqanlarında hazırda dövlətə xəyanət ittihamı ilə həbsdə olan Ramiz Mehdiyevə mədhiyyənamələri ilə yadda qalıb.
Onun xidmətləri diqqətdən kənar qalmayıb, sonrakı mərhələdə Milli Məclisin deputatı seçilib, Prezident yanında Əfv Komissiyasının üzvü olub, nəhayət də heç kimin gözləmədiyi bir vaxtda Ukraynaya səfir göndərilib. Bu təyinatda da Ramiz Mehdiyevin xüsusi rol alması, onun xeyir-duası ilə Axundovanın səfir göndərilməsi mətbuatda geniş müzakirə olunub.
2022-ci ilin fevralında Ukraynada genişmiqyaslı müharibə başlayanda Axundova dabanına tüpürüb, postunu qoyub qaçıb. Sonrakı aylarda Elmira Axundova səfir vəzifəsindən geri çağırılıb.
Hazırda Yasamal kitabxanalarında özünə yaradıcılıq gecələri təşkil edib günlərini keçirir.











