Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanın xarici siyasətində əsas prinsip: balans, milli maraqlar və strateji qardaşlıq

10.03.2026 12:11


Son dövrlərdə Azərbaycana qarşı qara təbliğat aparmağa çalışan bəzi çevrələr bu dəfə də Azərbaycan–İsrail münasibətlərini manipulyasiya edərək həm Bakının müstəqil xarici siyasətinə kölgə salmağa, həm də Azərbaycan–Türkiyə qardaşlığını hədəfə almağa çalışırlar. Halbuki bu yanaşma həm tarixi həqiqətlərdən, həm də regionun geosiyasi reallıqlarından tamamilə uzaqdır.

Hər şeydən əvvəl bir gerçək var: Azərbaycan xalqının tarix boyunca dar gündə yanında gördüyü, qardaşlıq borcunu sözlə deyil əməli ilə yerinə yetirən yeganə dövlət nə İran nə İsrail , məhz Türkiyə olmuşdur. Bu ilişki sadəcə diplomatik əməkdaşlıq deyil; ortaq tarix, ortaq kimlik və ortaq taleyin formalaşdırdığı strateji qardaşlıqdır. Bu səbəbdən Azərbaycan–Türkiyə münasibətləri hansısa üçüncü tərəfin təbliğatı, arzusu ilə sarsıdılacaq və ya zədələnəcək münasibət deyil. Bu qardaşlıq həm tarixi, həm siyasi, həm də mənəvi təməllər üzərində qurulmuş sarsılmaz bir ittifaqdır.

Digər tərəfdən, Azərbaycan–İsrail münasibətləri üzərindən aparılan manipulyasiyalar da reallığı əks etdirmir. Azərbaycan cəmiyyəti çox yaxşı bilir ki, Netanyahunun , İsrail hökumətinin Qəzzada həyata keçirdiyi siyasət humanitar və mənəvi baxımdan fəlakətdir. Azərbaycanda küçədə təsadüfi bir insana belə sual versəniz, böyük əksəriyyətinin İsrailin yayılmacı , İslam dünyasına qarşı olan bu siyasətini tənqid etdiyini görərsiniz. Azərbaycan xalqı müsəlman kimliyinin və ümumbəşəri dəyərlərin tələb etdiyi həssaslığı hər zaman qoruyur.

Lakin dövlətlərin xarici siyasəti emosiyalarla deyil, milli maraqlar və geosiyasi reallıqlar əsasında formalaşır. Azərbaycan son dərəcə həssas bir geosiyasi bölgədə yerləşir. Şimalda Rusiya, cənubda İran, mürəkkəb Cənubi Qafqaz reallıqları və qlobal güclərin rəqabəti. Belə bir mühitdə Azərbaycan dövlətinin sabitlik adası olması, güclənməsi və hətta işğal altındakı torpaqlarını azad edə bilməsi təsadüfi deyil. Bu, düşünülmüş və balanslı xarici siyasətin nəticəsidir.

Azərbaycanın müxtəlif dövlətlərlə əməkdaşlıq etməsi də məhz bu milli maraqların tələbi ilə bağlıdır. İsraillə münasibətlər çərçivəsində Azərbaycanın müdafiə sənayesi, texnologiya və kibertəhlükəsizlik sahələrində əməkdaşlığı mövcuddur. Bu əməkdaşlıq ideoloji deyil, praktiki xarakter daşıyır: məqsəd daha güclü, daha təhlükəsiz və regionda söz sahibi olan Azərbaycan qurmaqdır.Bundan əlavə, beynəlxalq siyasətin başqa bir reallığı da mövcuddur: qlobal lobbi sistemləri.

Dünyada yəhudi lobbisinin xüsusilə ABŞ və Avropada ciddi təsir imkanları olduğu məlum faktdır. Ermənistanın uzun illər güclü diaspora və lobbi fəaliyyətindən istifadə etdiyi də sirr deyil. Belə bir şəraitdə Azərbaycanın zaman-zaman müxtəlif lobbi strukturları ilə əlaqələr qurması və dəstək qazanması yenə milli maraqların diktə etdiyi rasional siyasətdir.

Enerji məsələsində də tez-tez yanlış təsəvvürlər yaradılır. Azərbaycan nefti Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına çatdırılır və oradan müxtəlif alıcı şirkətlər tərəfindən dünya bazarlarına çıxarılır. Bu neft beynəlxalq bazar mexanizmləri çərçivəsində satılır və alıcıları əsasən Avropa ölkələri – məsələn İtaliya və digər Qərb dövlətləridir.

Azərbaycanın xarici siyasətində dəyişməyən bir prinsip isə var: Türkiyənin milli təhlükəsizlik maraqlarına zidd heç bir addım atmamaq. Bunun ən açıq nümunələrindən biri Suriya məsələsində ortaya çıxdı. Regionda mürəkkəb geosiyasi gərginliklər mövcud olsa da, İsrail Şara hökümətinə qarşı təhditkar siyasət aparsa da Azərbaycan Türkiyə ilə birlikdə Suriyada yeni siyasi sabitliyin qurulmasını dəstəklədi və hətta bu istiqamətdə Suriyə hökümətinə enerji dəstəyi göstərdi. Bu, Azərbaycanın strateji seçimlərinin hansı istiqamətdə olduğunu açıq şəkildə göstərmir mi?

Eyni şəkildə, İran məsələsi ətrafında da bəzən süni iddialar ortaya atılır. Guya Azərbaycan öz ərazisini hansısa dövlətin İrana qarşı istifadə etməsinə icazə verəcək. Halbuki Azərbaycan rəhbərliyi bu mövqeni dəfələrlə və açıq şəkildə ifadə edib. Prezident İlham Əliyev bir neçə dəfə bəyan edib ki, Azərbaycan öz ərazisinin hər hansı qonşu dövlətə qarşı istifadə olunmasına heç vaxt icazə verməyib və verməyəcək. Azərbaycan heç bir ölkəyə qarşı müharibə platformasına çevrilmək niyyətində deyil.

Digər tərəfdən, bu, o demək deyil ki, Azərbaycan özünə qarşı aparılan siyasətə səssiz qalmalıdır. İranın zaman-zaman Azərbaycana qarşı sərgilədiyi təzyiq siyasəti və təxribat xarakterli addımlar da təbii ki, qəbul edilə bilməz və Azərbaycan buna öz milli maraqları çərçivəsində adekvat cavab vermək hüququna malikdir. Nəticə etibarilə, Azərbaycan xarici siyasətində əsas prinsip aydındır: balans, milli maraqlar və strateji qardaşlıq. Azərbaycan–Türkiyə ittifaqı bu siyasətin dəyişməz sütunudur.

Digər dövlətlərlə münasibətlər isə məhz bu milli maraqların təmin olunmasına xidmət edir. Bu reallığı görmədən aparılan təbliğat isə sadəcə siyasi korluq və manipulyasiyadan başqa bir şey deyil.

Telman Nüsrətoğlu, politoloq

Paylaş: