Xəbər axtarın

Son axtarış nəticələri:

Başqasının görüntüsündən süni intellektdə istifadə edənlər HƏBS OLUNACAQ

12.03.2026 13:00

Şəxsin razılığı olmadan görüntüsündən süni intellektdə istifadə edilməsi həbsə səbəb olacaq
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına görə cərimə və cəzalar müəyyənləşir.

Primeinfo.az xəbər verir ki, bununla bağlı Cinayət və Cinayət-Prosessual Məcəllələrinə dəyişikliklər təklif edilir.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub.

Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Sənədə əsasən, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə – 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif edilir.

Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

 

Paylaş: