
Milli Məclis “Uşaq hüquqları haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Primeinfo.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Yeni layihə uşaq hüquqlarının müasir çağırışlara uyğun daha geniş və effektiv müdafiəsini təmin etmək məqsədilə hazırlanıb və onların zorakılıqdan, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir.
Bu qanunda nəzərdə tutulan hüquqlar və azadlıqlar irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından, valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərinin sosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq, hər bir uşağa aid edilir.
Həmçinin uyğunlaşdırma məqsədilə Ailə Məcəlləsində, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Gənclər siyasəti haqqında” və “Bədən tərbiyəsi və idman haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişikliklər edilməsi nəzərdə tutulub.
Qanun qüvvəyə mindiyi gündən “Uşaq hüquqları haqqında” 1998-ci il tarixli Qanun ləğv edilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.