
İran Türkü ayağa qalxmasa, Tehran rejimi içəridən parçalanmayacaq. Kim nə deyir desin, İranda Türkləri ayağa qaldırmağın tək yolu Azərbaycan Respublikasını hədəf almaqdır.
Biz 44 günlük savaşda Güneyin ürəyinin Quzeydə atdığına dəfələrlə şahid olduq. Rusiya İrandan Ermənistana silah daşıyanda Güneyin 5 şəhəri ayağa qalxdı, onların göndərdiyi görüntülər sayəsində biz bir daha Rusiya və İranın torpaqlarımızın işğal edilməsində çəkdiyi “zəhmət”i gördük, dünyaya göstərdik.
Azərbaycan Ordusu Qarabağda Arazboyunu azad edəndə əsgərimizi Cəbrayılın, Zəngilanın qarşı tərəfində güneylilər qarşıladı, əlləri çatmadı, sözlərilə bağırlarına basdılar. O möhtəşəm görüntüləri bizim kimi düşmən də unutmur, təhlil edir…
İranın Naxçıvana vurmasına bir də bu perspektivdən baxaq. Neçə gündür Urmiyə və çevrəsi hava hücumu altındadır. Dünəndən Təbrizə kütləvi hava hücumları başlayıb. “Hərbi obyektlər vurulur” deyir ABŞ, İsrail – ağ yalandır. Mülki şəxslər arasında çox sayda tələfat var. Zamanında taleyimizə sahib çıxmamağın, parçalanmağın bədəlini ağır ödəyirik… Güneyi vurmaqla Quzeyin damarına basırlar.
Dünən Türkiyəyə raket göndərildi – bütün Türklərin nəbzi yoxlandı.
Bu gün Azərbaycan – Naxçıvan hədəf alınır. Güneyin damarına basırlar, Türkiyə Ordularının hərəkətə keçməsinə çalışırlar.
Hər ağızdan bir avaz gəlir indi. “İran vurub”, “İsrail vurub”, “ABŞ dronudur”… Məqsədli və məqsədsiz dəyərləndirmələr ilğım kimi yayılır. Böyük fitnə olduğu ortadadır. İki şər savaşırsa, ortada xeyir aramaq çətindir.
Biz indi şəri xeyrə çevirməyi bacarmalıyıq. Heç kimin oyununa meydan verməməliyik. Tək etibar etdiyimiz paytaxt Ankaradır. Güney üçün Bakı və Ankara. Səbr və ehtiyatla savaşın yayılmasına imkan verməməliyik. Bura bizim coğrafiyamızdır. Söz sahibi bizik, inşallah biz də olacağıq.
İlk işimiz fars-molla rejiminin züytutanlarını, bölgənin təhlükəsizliyi üçün deyil, alovlanması üçün təbliğat aparanları susdurmaq olmalıdır. Ən sərt şəkildə. Birliyimizə ziyan vururlar.
Aygün Muradxanlı, baş redaktor