
Həyatını yazsan, böyük roman olar.
Mənsub olduğu Naxçıvanın 2 köklü ailəsinin sovet rejimindəki yaşantıları, zorən kommunist olan vəzifə sahibi böyüklərinin milli görüş daşıdıqları üçün üzləşdiyi repressiyalar, Sovetlər Birliyi qurulanda türk yurdlarının erməniləşdirilməsi zamanı Naxçıvana yerləşdirilən ermənilərin geri köçünü təşkil edən atası Cəfər Cəfərovun müəmmalı ölümü, ailəsinin Naxçıvandan Bakıya sürgünü, çətin günlər…
Moskvadakı tələbə həyatının enişi-yoxuşu, günlərin bir günü Naxçıvana geoloq kimi qayıtmağın həyəcanı, Kələkidə Əbülfəz Əliyevlə – illər sonra milli azadlıq hərəkatına liderlik edəcək Elçibəylə tanışlıq, üçrəngli bayraqla ilk görüşün hekayəsi…
Damarından axan qanın gücü ilə sel kimi böyüyən azadlıq hərəkatına qovuşmaq, gücünə güc qatmaq, Azərbaycan Respublikasının bərpasına can qoymaq. Kreml qalıqları ilə bitməyən çəkişmələr, insan hüquq və azadlıqlarına qarşı açılan davada əzilənin yanında olmaq…
Hər anlaşma fürsətini toplumda barış ənənəsinə çevirmək cəhdlərinin bəzən anlaşılmaması, qınaqlar, haqq etmədiyi davranışlar… Amma yenə də Simurq kimi küllərindən törəyib qorunmaya, müdafiəyə ehtiyacı olanları qanadlarının altına almaq… Dövləti, milləti övlad kimi bağrına basmaq…
Çətin olduğu qədər gözəl, zəngin, dopdolu həyatının fraqmentləridir bunlar.
3 mart onun günüdür. Uca Allahdan Novella xanıma öncə can sağlığı diləyirəm. Yeri hər zaman başımızın üstü, qəlbimizin ən isti hücrəsidir.
Əllərinizdən öpürəm, ƏZİZ NOVELLA XANIM! Qoy bu yaşınız sizə bitməz-tükənməz sevinc gətirsin, DÖVLƏT KİMİ QADIN❤️
P.S. Prime Media Groupun bütün təmsilçiləri Novella Cəfəroğlunu 85 illik yubileyi münasibətilə təbrik edir, uzun, sağlam ömür arzulayır!
Aygün Muradxanlı, baş redaktor

