
“ABŞ və İsrail İranı hərbi baxımdan ciddi şəkildə zəiflədib və müharibə demək olar ki, sona yaxınlaşır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “CBS News” telekanalına müsahibəsində deyib.
Trampın sözlərinə görə, İranın artıq donanması, rabitə sistemi və hərbi hava qüvvələri faktiki olaraq qalmayıb.
“Onların raketlərindən demək olar ki, heç nə qalmayıb. Dronları isə hər yerdə, o cümlədən istehsal müəssisələri ilə birlikdə məhv edilir. Onlar artıq malik olduqları bütün imkanlardan istifadə ediblər. Əgər hansısa yeni addım atmağa çalışsalar, bu, həmin ölkənin sonu olacaq”, – deyə Tramp bildirib.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı da müxtəlif addımlar ata bilər. Onun sözlərinə görə, hazırda boğaz açıqdır və gəmilər hərəkət edir, lakin ABŞ-ın bu strateji keçidi nəzarətə götürməsi məsələsi də müzakirə olunur.
Trampın bu bəyanatı Pentaqonun son hesabatları ilə üst-üstə düşür. Belə ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son bir həftədə İranın 3000-dən çox hərbi hədəfinin vurulduğunu və ölkənin hava hücumundan müdafiə sistemlərinin 80%-nin sıradan çıxarıldığını təsdiqləyib. Brifinqlərdə bildirilir ki, İranın artıq sistemli şəkildə müharibə aparmaq imkanı qalmayıb və yalnız dağınıq raket zərbələri endirə bilər.
Tramp Müctəba Xameneinin İranın ali lideri vəzifəsinə təyin olunması ilə bağlı sualı şərh etməyib.
“Mənim ona heç bir mesajım yoxdur”, – deyə Ağ Ev rəhbəri bildirib və əlavə edib ki, İranın rəhbərliyi üçün başqa bir namizəd barədə düşünür.