
Xəzər rayonu, Aeroport şosesində yol hərəkəti qaydalarına əməl etməyən sürücü qəza törədib.
Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hər hansısa bir sürücü yolda sürət həddini aşırsa, təhlükəli manevrlər edirsə, düzgün ara məsafəsi saxlamırsa, digərlərindən irəli düşmək üçün yollarda təhlükəli vəziyyət yaradırsa, bu artıq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real riskdir:
“Belə davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati məsuliyyətə, ağır nəticələrə səbəb olduqda isə cinayət məsuliyyəti yaradır.
Bir neçə gün əvvəl paytaxtın Xəzər rayonu, Aeroport şosesində baş verən bu qəzada olanlar da bir qisim sürücüyə tanış mənzərədir. Yol-nəqliyyat hadisəsinin iştirakçısı olmamaq üçün müşahidə kamerasının qeydə aldığı qəza anına baxıb nəticə çıxarmağınızı tövsiyə edirik”.
Hadisə zamanı “Toyota” və “Audi” markalı avtomobillər toqquşub. Nəticədə “Audi” markalı avtomobil aşıb və üç nəfər xəsarət alıb.