Xəbər axtarın

Son axtarış nəticələri:

5 şəhərlərarası və şəhərdaxili avtobus marşrutu üzrə müsabiqə qalibləri müəyyənləşib - AYNA

10.04.2026 21:09

533 nömrəli şəhərətrafı, Bakı-Lənkəran, Sumqayıt-Horadiz şəhərlərarası, Yalama qəsəbəsi – Qusar avtovağzalı, Xanoba kəndi – Xudat avtostansiyası istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, bu, sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq həyata keçirilib.

533 nömrəli şəhərətrafı (Şəfəq qəsəbəsi – Bakı Beynəlxalq Avtovağzal Kompleksi) marşrut üzrə hüquqi şəxs “Bus Service” MMC; Bakı-Lənkəran marşrutu üzrə fiziki şəxs Quluzadə Fəqan İman oğlu; Sumqayıt-Horadiz marşrutu üzrə fiziki şəxs Talıbov Polad Tahir oğlu; Yalama qəsəbəsi – Qusar avtovağzalı və Xanoba kəndi – Xudat avtostansiyası marşrutları üzrə hüquqi şəxs “Logistics and Transport Services” MMC qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Paylaş: