
“Suriya prezidenti Əhməd Əl Şaraa bildirib ki, “dünən sonuncu Amerika maşını və ya yük avtomobili Suriya ərazilərini tərk etdi”. Dövlət başçısının sözlərinə görə, ölkədə eyni vaxtda britaniyalıların, amerikalıların, fransızların və rusların olduğu bir neçə baza var idi: “Beləliklə, Suriyanın şimal-şərqi artıq bütün xarici bazalardan azaddır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elçin Alıoğlu özünü “Facebook” sosial şəbəkəsində yazıb.
O bildirib ki, Antalyada su şüşəsini açarkən zarafatla “Bu, Britaniyadan daha yaxşıdır” deyən Əhməd Əl Şaraa ölkənin gələcək planlarından da danışıb:
“İnanıram ki, bu ayın sonunda seçilmiş Suriya parlamentinin ilk sessiyası keçiriləcək. Parlamentin gündəliyində həmçinin konstitusiyanın layihəsinin hazırlanması olacaq. Konstitusiya çərçivəsində bir çox qanunvericilik aktları qəbul ediləcək və səsverməyə çıxarılacaq”.

Prezident qeyd edib ki, ilk növbədə dövlətdəki siyasi və hakimiyyət boşluğunu doldurmaq üçün konstitusiya bəyannaməsi qəbul edilib, ardınca parlament seçkiləri və yeni konstitusiyanın hazırlanması gəlir:
“Daha sonra iqtisadi infrastrukturun qurulması, investisiya mühitinin yaradılması və beynəlxalq əlaqələrin bərpası mərhələsi başlayır. Biz sanksiyaların qaldırılması və bundan sonra investisiya qoyuluşu istiqamətində addımlar atdıq. Hesab edirəm ki, növbəti beş il ərzində Suriyada demoqrafik məlumatlar da daxil olmaqla, çoxsaylı siyahıyaalma və məlumat toplama mərhələləri tələb olunacaq. Bildiyiniz kimi, Suriya həm xarici, həm də daxili köçkünlüklə üzləşib. Bütün bunlar yenidən sənədləşdirilməlidir”.

Ölkənin parçalanmış birliyinin bərpası prosesinə toxunan prezident, bəzi beşillik hədəflərə xalqın dözümü və Suriyaya önəm verənlərin dəstəyi ilə artıq bir il ərzində nail olunduğunu vurğulayıb.
Yardımlarla bağlı məsələyə aydınlıq gətirən prezident bildirib:
“Suriya indiyədək birbaşa yardım almayıb. Lakin yardım vədləri olub, bir çox investisiya müqavilələri, anlaşma memorandumları imzalanıb və artıq sahədə işlərə başlanılıb. Suriyanın daha sürətli və qətiyyətlə irəliləməsi üçün müəyyən köməyə ehtiyacı var. Lakin biz ilk növbədə özümüzə güvənməyə çalışırıq. Əgər yardım gələcəksə, o, siyasiləşdirilməməli və şərtləndirilməməlidir”.
Regional təhlükəsizlik amili barədə danışan Əhməd Əl Şaraa Suriyanın regionu bəzi ölkələrin genişlənməsindən xilas etdiyini deyib:
“Onlar Suriyadan hücumlar təşkil etmək və ya regionda sabitliyi pozmaq üçün bir platforma kimi istifadə edirdilər. Suriyada silahlar nəzarətsiz idi və biz bu silahların nəzarətə götürülməsi prosesinə çox geniş şəkildə başladıq”.
![]()
İranla bağlı vəziyyətə toxunan dövlət başçısı Suriyanın bu münaqişədə tərəf olmadığını qeyd edib:
“Biz ən başından bu müharibənin alovlanmaması üçün çalışırdıq. Çünki İran təxminən 85 milyon əhalisi olan bir dövlətdir və ona daxildən dəyən hər hansı zərər ümumilikdə regiona təsir edə bilər. Regionun sabit olması, problemlərin münaqişələr yolu ilə deyil, dialoq və diplomatiya vasitəsilə həll edilməsi üçün səy göstəririk. Ümid edirik ki, bu müharibə dayanacaq”.
Qolan təpələri ilə bağlı mövqeyini qəti şəkildə ifadə edən prezident deyib:
“Qolan Suriya torpağıdır. Heç bir dövlətin onu başqasına vermək və ya bunu tanımaq səlahiyyəti yoxdur. 134-dən çox ölkə Qolanın Suriyaya məxsus olduğunu tanıyır”.