
“Qardaş Türkiyə Azərbaycanın əsas strateji tərəfdaş dövlətlərindədir. 2025-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5 milyard 720 milyon dollar olub. Türkiyə ilə qarşılıqlı ticarətdə Azərbaycan 1 milyard 34 milyon dollarlıq müsbət saldoya malikdir”.
Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.
“Göründüyü kimi, iki ölkə arasında ticarət dövriyyəsi kifayət qədər böyük rəqəmlə ifadə olunur. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır”, – deyə o qeyd edib.
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 11.6 faizi Türkiyənin payına düşür:
“Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olması deməkdir. Qardaş dövlət Azərbaycan ixracatında da 13.5 faizlə ikinci ən böyük tərəfdaşdır, Azərbaycanın qeyri neft-qaz ixracının 16.5 faizi Türkiyənin payına düşür. Bu ticarətdə də Türkiyə ikinci ən böyük tərəfdaşdır”.
Millət vəkili vurğulayıb ki, iqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçinin qarşılıqlı sərmayə qoyluşlarında da özünü göstərməkədir:
“İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yönəldib”.