
Görmə məhdudiyyəti olan şəxslərin daha çox istifadə etdiyi yolda səsli xəbərdarlıq sistemi ilə təchiz edilmiş işıqforlar quraşdırılıb.
Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, paytaxtın Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Eldar Xəlilov küçəsinin kəsişməsində yol hərəkəti iştirakçılarının, xüsusilə də görmə məhdudiyyətli şəxslərin təhlükəsizliyinin artırılması məqsədilə yeni işıqforlar quraşdırılıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülən işlər çərçivəsində sürücülərin işıqfor siqnallarını daha rahat görməsini təmin etmək məqsədilə 1 ədəd “A” tipli svetofor dirəyi “L” tipli dirəklə əvəzlənib. Bundan əlavə, kəsişmədə 2 ədəd yeni piyada işıqforu və 4 piyada bölməsi quraşdırılıb.
Eyni zamanda, sözügedən piyada keçidindən görmə məhdudiyyətli şəxslərin daha çox istifadə etdiyini nəzərə alaraq işıqforlara 4 ədəd səsli xəbərdarlıq qurğusu quraşdırılıb. Bu qurğular piyada keçidinə yaxınlaşan zaman işıqforun işıq siqnallarına uyğun olaraq səsli siqnal verməklə görmə məhdudiyyətli şəxslərin yolu daha təhlükəsiz şəkildə keçməsinə kömək edir.
Qeyd edək ki, əvvəllər kəsişmədə piyada keçidi olmadığından piyadalar yolu təhlükəli şəkildə keçmək məcburiyyətində qalırdılar. Problemin aradan qaldırılması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həmin ərazidə piyada keçidi təşkil olunub və müvafiq nişanlanma xətləri çəkilib.
