
Bir çox ölkələr kimi Vyetnamda da 16 yaşdan kiçik uşaqların sosial media platformalarından istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulur.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi ölkənin Mədəniyyət, İdman və Turizm Nazirliyi tərəfindən işlənib hazırlanıb.
Qeyd edilib ki, yetkinlik yaşına çatmayanların müstəqil olaraq paylaşımlar etməsi, rəy yazması və reaksiyalar bildirməsinin qarşısı alınacaq. Uşaqların profilləri yalnız valideynləri və ya qanuni təmsilçiləri tərəfindən açılmalıdır. Bu addım onlara internetdə sərf olunan vaxtı və baxılan kontenti idarə etməyə imkan verəcək.
Sosial media şirkətləri azyaşlı istifadəçiləri aşkarlamağa və onlara yalnız yaşlarına uyğun gələn materialları təqdim etməyə məcbur ediləcək. Həmçinin, platformalar uşaq profillərinin şəxsi məlumatlarının mühafizəsini artırmalı, narkotik, zorakılıq, qumar oyunları və digər zərərli mövzuları əks etdirən kontentləri əngəlləməlidir.
Ölkənin mədəniyyət nazirinin müavini Fan Tam məsələ ilə bağlı qeyd edib ki, əsas hədəf uşaqların sosial şəbəkələrə çıxışını tamamilə qadağan etmək və ya həddindən artıq çərçivəyə salmaq deyil:
“Məqsədimiz onların yalnız öz yaşlarına uyğun platformalardan istifadəsini təmin etmək və internetdəki zərərli təhlükələrdən qorumaqdır”.
Bununla yanaşı, Vyetnam rəsmiləri onlayn oyunlarla bağlı yeni qadağaların tətbiqini də planlaşdırır. Yeni qaydalara əsasən, uşaqların oyun profillərini valideynlər yaratmalı olacaq və gündəlik oynama müddəti 60 dəqiqəyə endirilə bilər.