
ABŞ Prezidenti Donald Tramp administrasiyasının miqrasiya siyasətini kəskinləşdirməsi Şimali Amerikadakı erməni icması üçün ciddi böhranla nəticələnib.
Primeinfo.az xəbər verir ki,erməni diasporunun əsas mərkəzi hesab olunan Kaliforniya ştatının Qlenddeyl şəhərində (Los-Anceles dairəsi) ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) tərəfindən genişmiqyaslı reydlərə başlanılıb.
Sosial şəbəkələrdə immiqrasiya polisinin həyata keçirdiyi sərt saxlanılma anlarının kadrları sürətlə yayılır. İcma nümayəndələrinin və şahidlərin verdiyi məlumata görə, ermənilərin sıx məskunlaşdığı məhəllələrdə böyük təşviş yaşanır. Sakinlər saxlanılaraq ilk aviareyslə Ermənistana deportasiya olunmaq riskindən ehtiyat edərək küçəyə çıxmaqdan çəkinirlər. Vəziyyəti ağırlaşdıran əsas məqam bölgedə yaşayan ermənilərin böyük bir qisminin hüquqi statusunun hələ də tam tənzimlənməməsidir.
Minlərlə şəxs illərdir sığınacaq müraciətlərinin cavabını, müvəqqəti statusların uzadılmasını və ya “qrin-kart” rəsmiləşdirilməsini gözləyirdi. Lakin Vaşinqtonun miqrasiya qaydalarını köklü şəkildə dəyişməsi və məcburi deportasiya qərarlarının icrasını sürətləndirməsi fonunda, hətta işləri illərlə məhkəmə baxışında olan şəxslər də xüsusi xidmət orqanlarının hədəfinə çevrilib.