
Biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb
“Sahibkarlar və şirkətlərin QHT sektoru ilə iş təcrübəsi böyük deyil, onlar bu sahədə bilik və bacarıqların artırılmasına ehtiyac duyurlar. Eyni zamanda sektoru tanımırlar, bununla belə ictimai təşəbbüslərə dəstək verməyə böyük maraq göstərirlər”, – bu fikirlər sahibkarlar və şirkətlər üçün keçirilən seminarlarda səsləndirilib.
Primeinfo.az xəbər verir ki, “QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər” layihəsi çərçivəsində şirkət nümayəndələri üçün nəzərdə tutulmuş növbəti onlayn seminar keçirilib.
Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi (İB) tərəfindən icra olunur.
Birincici 14 sentyabr 2026-cı il tarixində baş tutan və böyük maraqla qarşılanan təlimin davamı olaraq 18 sentyabr 2026-cı il tarixdə təşkil edilən ikinci onlayn seminar ilə sahibkarlar üçün nəzərdə tutulan seminar proqramı uğurla başa çatıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə reallaşan seminarlarda fərqli iqtisadi sahələri təmsil edən sahibkarlar, KSM və ESG üzrə menecerlər, eləcə də vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən KOBİA-nın Bakı-Abşeron-Xızı regional koordinatoru Ayaz Ədilov və təşkilatın digər məsul nümayəndələri çıxış edərək, yerli biznes mühitində sosial məsuliyyət mədəniyyətinin gücləndirilməsi və vətəndaş cəmiyyəti ilə institusional dialoqun davamlı olmasının vacibliyini diqqətə çatdırıblar.
Layihə rəhbəri və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-nin sədri Zaur İbrahimli qeyd edib ki, ümumilikdə 40-dan çox şirkət nümayəndəsinin cəlb olunduğu bu seminarlar biznes sektoru ilə QHT-lər arasında etimad mühitinin yaradılması məqsədi daşıyır.
O bildirib ki, layihə çərçivəsində aparılmış genişmiqyaslı sorğuların nəticələri və beynəlxalq təcrübə əsasında hazırlanacaq Analitik Hesabat və Təkliflər Paketi dövlət və özəl sektor qurumlarına təqdim ediləcək, biznes assosiasiyaları ilə memorandumların imzalanması üçün zəmin yaradacaqdır.
Seminarda ekspert qismində çıxış edən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) İdarəedici Direktoru, KSM və dayanıqlılıq üzrə tanınmış mütəxəssis Ceyhun Atayev “QHT-lərlə şəffaf və səmərəli tərəfdaşlıqların qurulması – Müasir dövrdə KSM strategiyasında əməkdaşlıq” mövzusunda ətraflı təqdimatla çıxış edib. C.Atayev çıxışında korporativ sektorun QHT-lərlə əməkdaşlıqda doğru tərəfdaş seçimi meyarlarını (reputasiya, səriştə, şəffaflıq və uyğunluq – 5C modeli), layihələrin birgə dizaynı prinsiplərini, resursların düzgün səfərbər olunmasını və risklərin idarə edilməsini praktiki nümunələr və keyslər üzərindən izah edib.
Xüsusilə KSM təşəbbüslərinin beynəlxalq ESG standartları ilə uzlaşdırılması, fəaliyyət nəticələrinin deyil, cəmiyyətə verilən real sosial təsirin (impact) və ölçülə bilən KPI-ların müəyyənləşdirilməsi metodları seminar iştirakçılarının xüsusi marağına səbəb olub.
İnteraktiv formatda keçən və sual-cavab sessiyası ilə yekunlaşan seminarlarda biznes nümayəndələrinin KSM sahəsindəki real ehtiyacları və təklifləri qeydə alınıb.
Seminarın yekununda layihə rəhbəri Zaur İbrahimli bildirib ki, “Sahibkarlar və şirkətlərin QHT sektoru ilə iş təcrübəsi böyük deyil, onlar bu sahədə bilik və bacarıqların artırılmasına ehtiyac duyurlar. Eyni zamanda sektoru tanımırlar, bununla belə ictimai təşəbbüslərə dəstək verməyə böyük maraq göstərirlər.
Eyni zamanda QHT sektoru biznesin diqqətini çəkəcək, peşəkar şəkildə hazırlanmış layihə təklifləri təqdim etmək, praktik əməkdaşlıq qırmaq səriştəsini artırmalıdır. Bu çətinliklərin aradan qaldırılması üçün təşəbbüslər genişlənməlidir. “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi bu istiqamətdə işləməyə davam edəcək.









