
12 ayın sultanı Ramazan ayı başlayır.
Primeinfo.az xəbər verir ki, bu gün Müqəddəs Ramazan ayının ilk niyyət axşamıdır. Bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.
Artıq sabahdan etibarən islam dininin müqəddəs kitabı – Qurani-Kərimin nazil olduğu Ramazan ayı başlayır. Ramazan həm də, ruhi paklanma, səbir, yardımlaşma və mərhəmət ayı kimi qəbul olunur. Bu ayda oruc tutmaqla yanaşı, duaların artırılması, ehtiyacı olanlara yardım edilməsi, pis vərdişlərdən uzaq durulması tövsiyə edilir.
Ramazan orucuna nə vaxt və necə niyyət etmək lazımdır?
Niyyəti həm hər bir ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar.
Ramazan orucuna axşamdan etibarən günorta namazına qədər niyyət etmək olar. Sahur yeməyini yedikdən sonra da niyyət etmək mümkündür. Ancaq sahurda yatıb qalaraq imsak vaxtından sonra oyanan şəxs günəş çıxmış olsa belə günortaya qədər həmin günün orucuna niyyət edə bilər. Yetər ki, imsak vaxtından sonra orucu pozacaq bir şey etməsin.
Sabah oruc tutacağını axşam namazından sonra ürəyindən keçirən şəxs artıq sabahkı oruca niyyət etmiş sayılır. Oruc tutmaq düşüncəsi ilə sahur yeməyinə qalxanın bu düşüncəsi də niyyətdir. Oruca qəlb ilə niyyət etmək kifayətdir. Ancaq qəlb ilə edilən bu niyyəti dil ilə söyləmək daha yaxşıdır.
Niyyət belə edilir (bütün Ramazan ayı üçün): “Bir ay ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”. Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.
Hər gün üçün niyyət belə edilir: “Sabah üçün ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam sabahkı gün üçün olmalıdır.
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Hilalın (təzə Ayın) fevralın 18-də məğrib namazı ərəfəsində görünəcəyinə görə ramazan ayının 1-i miladi təqvimlə 19 fevral 2026-ci il tarixinə təsadüf edəcək.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı təqvimə əsasən, Qədr gecələri martın 8-dən 9-na keçən gecə, 10-dan 11-nə keçən gecə, 12-dən 13-nə keçən gecə və 16-dan 17-nə keçən gecə qeyd olunacaq.
Təqvimə görə, Ramazan bayramı martın 20-nə təsadüf edəcək. Azərbaycanda bayram martın 20-də və 21-də qeyd olunacaq.