
“Rusiyanın Azərbaycandakı şəbəkəsinə qarşı mübarizə gücləndirilib. Ramiz Mehdiyev olayı da göstərdi ki, bu şəbəkəni boş buraxmaq olmaz. Onlar hətta qiyam, çevriliş də edə bilərlər”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Prezident Administrasiyasının keçmiş rəhbəri, ev dustaqlığına məhkum olunan Ramiz Mehdiyevlə yanaşı, Rusiyanın ölkəmizdəki “5-ci kolon”u da neytrallaşdırılmalıdır:
“Ramiz Mehdiyev bir ara mənin də adımı hallandırmışdı, guya məni məhkəməyə verəcəkdi. Verib, nə edəcəkdi? Hamı bilirdi ki, o qanunsuz işlərlə məşğuldur, korrupsionerdir. Əlbəttə ki, bu şəbəkə zərərsizləşdirilməlidir. Amma asan məsələ deyil, çünki Ramiz Mehdiyev 24 il şəbəkənin rəhbəri olub. Prezident Administrasiyasında, parlamentdə, mediada bu şəbəkəni formalaşdırıb, gücləndirib. Düzdür, şəbəkənin başını kəsmişik, amma əlləri, ayaqları hələ də qalıb. Bunlarla da mübarizəni davam etdirməliyik”.