Xəbər axtarın

Son axtarış nəticələri:

İranda etirazlar davam edir - VİDEO

30.12.2025 15:29

İranda səhər saatlarından başlayan genişmiqyaslı etiraz aksiyaları davam edir.

Primeinfo.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb ölkənin milli valyutası olan rialın ABŞ dolları qarşısında rekord həddə ucuzlaşması olub.

Paytaxt Tehranda başlayan etirazlar bütün ölkə ərazisinə yayılıb.

Ölkə pul vahidinin ABŞ dolları qarşısında rekord səviyyədə dəyər itirməsi fonunda bir çox sahibkar fəaliyyətini dayandırıb, paytaxt Tehranın bəzi bazarlarında isə ticarətin demək olar ki, dayanma nöqtəsinə çatdığı bildirilib.

Baş verən hadisələrdən sonra İran Prezidenti Məsud Pezeşkian “X” sosial media platformasında açıqlama yayıb.

O, əhalinin üzləşdiyi iqtisadi çətinliklərin əsas narahatlıq mənbəyi olduğunu vurğulayaraq daxili işlər nazirinə etirazçıların nümayəndələri ilə birbaşa əlaqə yaradılması barədə tapşırıq verdiyini açıqlayıb.

Cərəyan edən hadisələr fonunda İran Prezidenti Məsud Pezeşkianın sərəncamı ilə Mərkəzi Bankda təcili iclas keçirilib. Artıq İran Mərkəzi Bankının sədri Mohammad Farzin istefa verib, onun yerinə keçmiş iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Həmmati təyin edilib.

İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayinin da etirazlar fonunda istefa verdiyi bildirilir.

Qeyd edək ki, İran rialı dekabrın 28-də 1 dollar/1,42 milyon rial səviyyəsinə qədər ucuzlaşıb. Ötən gün isə bir qədər dəyər qazanaraq 1 dollar/1,38 milyon rial səviyyəsində ticarət olunmağa başlayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər.

 

Paylaş: