Xəbər axtarın

Son axtarış nəticələri:

İranın 8 şəhərində fövqəladə vəziyyət elan edilib

02.01.2026 12:42

İranda xalq etirazları 5 gündür səngimir.

Etirazlar paytaxt Tehran başda olmaqla Həmədan, Yəsuc, Kuhdəşt, Həmədan, Məlard, Rəşt, Fəsa da daxil olmaqla 32 şəhərə yayılıb.

Primeinfo.az Gunaz.tv-yə istinadən xəbər verir ki, silahlı qüvvələr bir neçə şəhərdə 7 etirazçını öldürüb, 119 nəfəri isə həbs edib. İnsan haqları təşkilatlarının bildirdiyinə görə, saxlanlanların sayı daha çoxdur.

Şahidlərin və yerli mənbələrin bildirdiyinə görə, insanlar İran rialının kəskin dəyərdən düşməsinə, qiymətlərin sürətlə artmasına, işsizliyə və ümumi sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq gecə saatlarında küçələrə çıxıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə şüar səsləndirən etirazçılar, polis kordonları və xaotik vəziyyət açıq şəkildə görünür.

İran təhlükəsizlik qüvvələri aksiyaların qarşısını almaq üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edib. Bir sıra şəhərlərdə gözyaşardıcı qaz, su şırnaqları və xüsusi təyinatlı bölmələrdən istifadə olunduğu, çoxsaylı saxlanılmaların həyata keçirildiyi bildirilir.

Rəsmi dairələr əhaliyə sükut və dialoq çağırışları etsə də, hakimiyyət orqanları indiyədək böhranın aradan qaldırılması ilə bağlı konkret iqtisadi və ya sosial yol xəritəsi təqdim etməyib. Bu isə narazılığı daha da artırır.

Analitiklərin fikrincə, İranda etirazların uzunmüddətli xarakter alması iqtisadi problemlərin təkcə qısamüddətli dalğalanma deyil, sistemli böhran mərhələsinə keçdiyini göstərir. Ekspertlər xəbərdarlıq edirlər ki, hakimiyyət real islahat addımları atmadığı təqdirdə, etirazların miqyası daha da genişlənə bilər.

Paylaş: