Xəbər axtarın

Son axtarış nəticələri:

Roma Papası Monika Beluççi və digər ulduzlarla görüşdü - FOTO

17.11.2025 12:48


Roma Papası XIV Leo Vatikanda dünya kinosunun 160-dan çox nümayəndəsi ilə görüşüb.

Primeinfo.az xəbər verir ki, Vatikanın “Klementiya” zalında baş tutan görüşdə məşhur aktrisalar Monika Belluççi və Keyt Blanşett, aktyorlar Adam Skott, Sercio Kastellitto, Viqo Mortensen və Kris Payn, rejissorlar Spayk Li, Emir Kusturitsa, Qreta Qerviq, Qas Van Sent, Canni Amelio və digərləri iştirak ediblər.

Vatikanda qadınların xüsusi protokolu var: qara rəng, örtülü çiyinlər, uzun qollar və minimal detallar. Keyt Blanşett və Monika Belluççi bu protokola riayət ediblər və görüşə rəsmi geyim dəstində gəliblər.

Vatikanın Mədəniyyət Nazirliyinin təşkil etdiyi görüşdə çıxış edən Roma Papası kino ulduzlarını səsi eşidilməyənlərin səsi olmağa çağırıb:

“Artıq 130 illik tarixi olan kinematoqrafiya həyatı – onun gözəlliyini, həssaslığını və “sonsuzluğa olan nostaljini” – anlatmağın əsas yollarından birinə çevrilib”.

Görüşdən əvvəl Roma Papası ən çox sevdiyi dörd filmin adını açıqlayıb. O bu siyahıya “Bu, gözəl həyatdır” (1946, ABŞ), “Musiqinin səsi” (1965, ABŞ), “Həyat gözəldir” (1997, İtaliya) və “Adi insanlar” (1980, ABŞ) filmlərini daxil edib.

 

Paylaş: