
“Türkiyə hərbi təyyarəsinin Gürcüstan səmasında qəzaya uğramasının başvermə səbəbləri ilə bağlı 3 versiya irəli sürülür: birincisi, təyyarədə texniki nasazlıq baş verib. İkincisi, xaricdən müdaxilə edilib. Üçüncüsü isə təyyarənin içərisində partlayıcı qurğu olub”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, hadisə ilə bağlı əsasən bu 3 versiya üzərində müzakirələr aparılır:
“Amma mən üçüncü versiyanı istisna edərdim. Çünki “C-130”un həm pilotları, həm də heyəti kifayət qədər təcrübəli olublar. Ona görə də təyyarəyə kənar partlayıcı maddənin keçirildiyi versiyası inandırıcı deyil.
Belə bir versiya da söylənilir ki, bəzən karqo təyyarələrinə yüklərin düzgün yerləşdirilməməsi təyyarə qəzasına səbəb olur. Amma təyyarədə həlak olan 20 nəfər şəxs peşəkar hərbçilər olublar, illərdir bu işdə çalışıblar. Onlar bilmirlər ki, hansı yük hansı istiqamətdə yerləşdirilməlidir? Yəni bu versiya da mənə ağlabatan gəlmir”.
Elxan Şahinoğlu qəzaya səbəb kimi təyyarənin köhnə olması, uzunmüddətli istismardan sonra detallarında korroziyanın yaranması və ya kənar müdaxilənin ola biləcəyi ehtimallarını daha ağlabatan hesab edir.