
Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus “C-130” tipli hərbi-nəqliyyat təyyarəsinin “qara qutu”larının analizi bu həftə yekunlaşacaq.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış köşə yazarı Abdulkadir Selvi “Hürriyet” qəzetinə bildirib.
O qeyd edib ki, istintaq çərçivəsində “qara qutu”da qeydə alınmış 180 texniki parametr üzrə təhlil aparılır. Analizin bu həftənin sonunadək başa çatdırılması gözlənilir:
“Ankarada TUSAŞ müəssisəsində xüsusi texniki qrup artıq qutuların açılması və məlumatların deşifrə olunması prosesinə başlayıb. Birinci qara qutuda pilotların öz aralarında və dispetçer qülləsi ilə apardıqları danışıqlar, həmçinin qəza anına aid səs yazıları yer alır. İkinci qara qutuda təyyarənin sistemlərinə dair qeyd mexanizmləri araşdırılır”.
A.Selvi bildirib ki, təyyarənin qəzaya uğraması ilə bağlı bütün ehtimallar diqqətlə araşdırılır və bu mərhələdə fərziyyələrə və əsassız şayiələrə yer verilməməlidir.
Xatırladaq ki, 11 noyabr 2025-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” təyyarəsi Gəncə beynəlxalq hava limanından qalxaraq Türkiyənin Erkilet aviabazasına uçarkən havada parçalanıb və Gürcüstan ərazisində, Azərbaycan sərhədinə yaxın ərazidə qəzaya uğrayıb.
Hadisə nəticəsində bortdakı 20 nəfərin hamısı həlak olub.