
Yeni Klinikanın Sümük İliyi Transplantasiyası Mərkəzi həyat xilas edən xidmətlərin ölkə daxilində müasir səviyyədə təşkilinə yönəlib. Azərbaycanda hər il təxminən 150-200 nəfərin sümük iliyi transplantasiyasına ehtiyacı yaranır və bu ehtiyacın bir hissəsi uzun illər xaricdə qarşılanıb.
Primeinfo.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Hematologiya – Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışına dair keçirilən brifinqdə deyib.
O vurğulayıb ki, Yeni Klinikanın tərkibində fəaliyyət göstərəcək bu mərkəz həm allogen, həm də autoloji transplantasiyaların ölkə daxilində həyata keçirilməsinə imkan verəcək:
“Leykoz, talassemiya, aplastik anemiya, limfoma və mieloma kimi xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu mərkəz yüksəksəviyyəli, inteqrasiya olunmuş müalicə şəraiti yaradacaq və xaricə bağlılığı əhəmiyyətli dərəcədə azaldacaq”.
İcraçı direktor bildirib ki, il ərzində Yeni Klinikanın Sümük İliyi Transplantasiya Mərkəzində 150 sümük iliyi transplantasiyasının həyata keçirilməsi planlaşdırılır. “İlk növbədə, sümük iliyinə ehtiyacı olan uşaqlara transplantasiya əməliyyatı həyata keçiriləcək”, – deyə Vüqar Qurbanov diqqətə çatdırıb.