Adnan Əhmədzadə Moskvanın adamıdırmı?

21.09.2025 14:17

Adnan Əhmədzadənin həbsi aydındır ki, sıradan “əli çatan oğurlayır” məsələsi deyil. Zaman-zaman mediaya ötürülən xəbərlərdən ona özəl bir imaj yaradıldığı bilinirdi. Ünlü futbolçuların dostu, Azərbaycanın dünya ünlüləri arasında təmsilçisi… Halbuki Messi səviyyəsində ünlülərlə dostluq deyə bir şey yoxdur. Onların menecerlərilə əlaqə yaradıb milyonlar qarşılığında bir şəkil, bir nahar, bir ziyafət, bir səfər üçün anlaşmalar var. Hərəsinin də ayrı qiyməti. Adnan Əhmədzadə bu xidmətlər içərisində ən bahalı paketləri seçirdi.

O da aydındır ki, belə projelərdə ölkə adının işlədilməsi heç bir halda icazəsiz olmur. Yəni “Adnan Əhmədzadə Messini Azərbaycana gətirdi” xəbərilə məsələn, “Van Damın oğlu azərbaycanlı xanımla evləndi” başlığı arasında yer-göy fərqi var. Bir az da sadələşdirsək, zamanında bu “haqlar” məhz Adnan Əhmədzadə tanınmışdı.

Amma hər kəs nəhəng vəsaitin və tanınan imkanların basqısına dayana bilmir. Bu sırf psixoloji amildir. İnsan bir dönəm sonra bu haqların (üstəlik nəhəng məbləğlərin idarəedilməsinin) ona konkret şəxslər tərəfindən verildiyini deyil, yetənəklərilə qazandığını sanır, özünü əlahiddə şəxs hesab etməyə başlayır. Bax… yanlışlar da orda başlayır. Müstəqil qərarlar, özbaşına addımlar zamanla insanı yanlışlar zənciri yaratmağa sövq edir.

Bir məsələni də gözdən qaçırmayaq – Adnan Əhmədzadə kimi əli SOCAR-a, yəni Azərbaycanın “qan damarı”na çatan və bahalı həyatını sərgiləməkdən çəkinməyən şəxslər rəsmi Bakı ilə dost olmayan paytaxtların davamlı diqqət mərkəzindədir. Bu gün onun həbsində Rusiya amilinin səslənməsinin kökünü qazısaq, əminəm bu məqama gedib çıxılacaq. Bahalı həyatın, sərhədsiz əyləncələrin mütləq arzuolunmaz tərəfləri olur – bütün imtiyazları sıfırlayacaq kompramat, daha pis halda kompramatlar buketi. “Həngamə” də orda başlayır…

Tələblər boyu aşır. Kompramatı əldə silaha çevirənlərin tələblərini (həm də şirnikləndirici təkliflərini) yerinə yetirmək üçün müxtəlif qapılar döyülür, çevrə genişlənir. Suç ortaqlığı yaranır. Bu, bir tərəfdən də bir-birini qoruma instikti formalaşdırır… Çünki biri yansa, hamısına od düşür. Əhmədzadə məsələsində yeni səs-küylü həbslərin olacağını hələlik belə şərh edə bilərik.

Adnanın Bakıya F1-ə baxmaq üçün gələrkən həbs edilməsi keçmiş baş prokuror Eldar Həsənovun həbsini xatırlatdı. O da Bakıya başqa bir “formul”la çağırılmışdı.

İndi kimlərin həyəcandan “dizi tutmur”, kimlər telefonun yaddaşını boşaldır, kimlər nəfəsini içinə çəkib gözləyir, bunu göydə Allah, yerdə Azərbaycanın şanlı DTX-sı bilir. Bizim bildiyimiz odur ki, region uğrunda savaşın ən çətin, ən amansız mərhələsinə gəlmişik. Ən gözlənilməz şəxslər göz qırpmadan qurban verilə bilər.

Allah Azərbaycanı qorusun!

Поделиться: