Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan boksçusu ikiqat Avropa çempionu olub

09.10.2025 18:32

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb.

Boks Federasiyasından Primeinfo.az-a verilən məlumata görə, 50 kiloqram çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb.

Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Nəzərov rəqibini 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib və Çexiyada Azərbaycan himnini səsləndirib.

Banuçiçək Nəsirli (48 kiloqram) isə finalda Matilda Fraqnye (Fransa) ilə üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.

Beləliklə, Azərbaycan millisi Avropa çempionatında 5 medala sahib olub. Daha öncə Zidan Hümbətov (55 kiloqram), Sübhan Babayev (60 kiloqram) və İlkanə Əhmədova (+80 kiloqram) 3-cü yeri tutublar.

Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan boksçular oktyabrın 11-də Vətənə qayıdacaqlar.

Paylaş: