
5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.
Primeinfo.az xəbər verir ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.
1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanıb.
1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.
Qeyd edək ki, “Müəllimlər günü” hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.
Bu gün Azərbaycanda 300 minə yaxın müəllim fəaliyyət göstərir.
2022–2025-ci illər ərzində 84 min müəllim sertifikasiya prosesinə cəlb olunub və 73 min müəllim sertifikasiyadan uğurla keçib. Test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 faiz əlavə edilir. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunur.
5-ci ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Müəllimlərimiz işğaldan azad olunmuş ərazilərdəki ümumtəhsil müəssisələrində tədris aparırlar.
44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıq göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib.