
Karib dənizində formalaşan “Melissa” tropik qasırğası 5-ci kateqoriyaya qədər güclənib. Qasırğanın episentrində küləyin sürəti saatda 257 kilometrə (72 m/s) çatır.
Primeinfo.az xəbər verir ki, meteoroloqların məlumatına görə, təbii fəlakət 24 saat ərzində Yamaykaya çatacaq. Ada hökuməti və xilasedici xidmətlər fövqəladə vəziyyət rejimində fəaliyyətə başlayıb, əhali təhlükəsiz ərazilərə köçürülür.
Proqnozlara əsasən, qasırğa Yamaykada dağıdıcı küləklər və genişmiqyaslı daşqınlar törədəcək. “Melissa” 1851-ci ildən bəri qeydə alınan ən güclü qasırğa kimi tarixə düşə bilər.
Qasırğanın çərşənbə axşamı gündüz Yamaykaya, daha sonra isə Kubaya və Baham adalarına çatacağı gözlənilir. Meteoroloqlar bildirirlər ki, təbiət hadisəsinin ABŞ-ın materik hissəsinə təsiri gözlənilmir.