Xəbər axtarın

Son axtarış nəticələri:

Luvr muzeyindən nələr qarət olunub? - FOTO

20.10.2025 19:23

Oktyabrın 19-da səhər saatlarında Parisin məşhur Luvr muzeyindən qarət olunan əşyaların siyahısı açıqlanıb.

Primeinfo.az xəbər verir ki, naməlum şəxslər Fransa imperatoru Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar.

Bunlar:

* Kraliça Hortenziyanın diademası. XIX əsrin əvvəllərində hazırlanmış diadema 24 sapfir və 1083 brilyantla bəzədilib;

* Kraliça Hortenziyanın boyunbağısı. Boyunbağının bəzədilməsində 8 sapfir və 631 brilyantdan istifadə olunub;

* Kraliça Hortenziyanın sırğaları;

* III Napoleonun həyat yoldaşı İmperatriçə Yevgeniyanın qızıl broşu. Bu zinət əşyası 92 brilyantla bəzədilib;

* İmperatriçə Yevgeniyaya məxsus daha bir qızıl broş;

* İmperatriçə Yevgeniyanın diademası;

* İmperatriçə Yevgeniyanın digər qiymətli broşu;

* İmperatriçə Mariya-Luizanın boyunbağısı;

* İmperatriçə Mariya-Luizanın sırğalarıdır.

Bundan əlavə, qarətçilərin “qənimət”ləri arasında İmperatriçə Yevgeniyanın tacı da olub. Lakin o, sonradan muzeyin yaxınlığında sınıq vəziyyətdə tapılıb. XIX əsrdə hazırlanmış tac 1354 brilyant, 56 zümrüd və qızıl qartal təsvirlərindən ibarətdir.

Hazırda cinayətkarların axtarışları davam etdirilir. Qarət hadisəsinin sifarişlə, peşəkarlar tərəfindən törədildiyi güman edilir.

Xatırladaq ki, qarətçilər bazar günü cəmi 7 dəqiqə ərzində muzeydən Napoleonun vaxtilə sahib olduğu zinət əşyalarını və digər qiymətli daşları oğurlayıblar.

Bu, 1911-ci ildə Leonardo da Vinçinin “Mona Liza” əsərinin oğurlanmasından sonra ən böyük muzey qarətidir.

Prokurorluq “təşkil olunmuş oğurluq və cinayət törətmək məqsədilə cinayətkar sövdələşmə” şübhəsi ilə istintaqa başlayıb.

 

Paylaş: