“Bir neçə gündür ki, mətbuatda əsas məsələ Səbail Rayon Məhkəməsində Ramiz Mehdiyevə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması maddələri ilə ittiham olunaraq onun haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib”.
Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Məlahət İbrahimqızı çıxışı zamanı deyib.
O bildirib ki, dövlətə xəyanət edənlər qanun qarşısında cavab verəcəklər:
“Azərbaycan xalqı çox yaxşı bilir ki, Ramiz Mehdiyev kimi dövlət hərisləri olsa da, onlar cənab Prezidentin “dəmir yumruğu” qarşısında çox acizdirlər. Müstəqilliyin ilk illərində dövlət çevrilişi etmək istəyənlər də bunu bacarmadı və xalq Heydər Əliyevin ətrafında birləşdi”, deyə o vurğulayıb.
Millət vəkili qeyd edib ki, Ramiz Mehdiyevin bu addımı Azərbaycanı dünyada tanıdan Prezident İlham Əliyev, o cümlədən azadlıq, müstəqilliyimiz uğurunda canından keçən şəhidlərimizə ən böyük xəyanətdir:
“Tarix bu günü unutmayacaq. Ramiz Mehdiyev və onun silahdaşları mütləq cavab verəcək”.
Maraqlıdır ki, Məlahət İbrahimqızı Ramiz Mehdiyevin ən yaxın adamı kimi tanınırdı.