Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "Kifayət qədər qan tökülüb... daha ölüm olmasın!"

18.10.2025 09:13

ABŞ prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdən sonra Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı fikirlərini emosional şəkildə bildirib.

Priminfo.az xəbər verir ki, Amerika lideri bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Kifayət qədər qan tökülüb… Onlar (Rusiya və Ukrayna – red.) olduqları yerdə dayanmalıdırlar. Qoy hər iki tərəf qələbə qazansın, qoy hər şeyi tarix müəyyənləşdirsin. Kifayətdir atəş açmaq, daha ölüm olmasın, daha nəhəng və ağır xərclər olmasın. Mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı. Hər həftə minlərlə insan ölür…”, – o qeyd edib.

Eyni zamanda, Tramp Zelenski ilə görüşünün “çox maraqlı və isti” keçdiyini bildirib.

“Mən ona, eləcə də prezident Putinə təkidlə tövsiyə etdiyim kimi, qətlləri dayandırıb razılığa gəlmək vaxtının çatdığını söylədim”, – deyə bir gün əvvəl Rusiya lideri ilə telefon danışığını nəzərdə tutan Ağ Ev rəhbəri vurğulayıb.

Xatırladaq ki, oktyabrın 17-də Vaşinqtonda Tramp və Zelenski arasında görüş keçirilib. Müzakirələr jurnalistlər üçün qapalı formatda keçirilib.

Görüşün əsas mövzusu Kiyevə uzaq mənzilli “Tomahawk” raketlərinin verilməsi olub.

Trampla görüşdən sonra Zelenski brifinqdə tərəflərin “bu barədə açıq danışmamaq” barədə razılığa gəldiklərini bildirib.

Paylaş: