ABŞ Prezidenti Donald Tramp Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Primeinfo.az xəbər verir ki, bu barədə o, Putinlə apardığı telefon danışığından sonra “Truth Social” platformasında bildirib.
“Rusiya və Ukrayna arasında qanlı müharibəyə son qoya bilib-bilməyəcəyimizə nəzər salmaq üçün Macarıstanın paytaxtı Budapeştdə görüşəcəyik. Sabah isə Oval kabinetdə prezident Zelenski ilə görüşəcəyəm, prezident Putinlə söhbətimizi və başqa məsələləri müzakirə edəcəyik. Hesab edirəm ki, Putinlə bugünkü telefon danışığı əhəmiyyətli irəliləyiş əldə etməyə imkan verib” – deyə, Tramp vurğulayıb.
ABŞ lideri qeyd edib ki, onların görüşündən əvvəl müşavirləri görüşəcək:
“İlkin görüşlərə Dövlət katibi Marko Rubio və digər vəzifəli şəxslər rəhbərlik edəcəklər. Görüş yeri müəyyən olunacaq. Bundan sonra Macarıstanın paytaxtı Budapeştdə razılaşdırılmış yerdə görüşəcəyik”.