Xəbər axtarın

Son axtarış nəticələri:

TRT-nin jurnalisti Qəzzada həlak oldu - MEDİA və MŞ-dan BAŞSAĞLIĞI

01.10.2025 15:49


Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası (MŞ) Türkiyənin TRT telekanalının əməkdaşı Yahia Barzakın Qəzza zolağında həlak olması ilə bağlı başsağlığı veriblər.

Primeinfo.az-ın xəbərinə görə, MEDİA-nın “X” hesabındakı paylaşımında qeyd olunub:

“Qəzzada peşə borcunu yerinə yetirərkən jurnalist Yahia Barzakın həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Mətbuat Şurasının yaydığı məlumatda isə vurğulanıb:

“Qəzza zolağında Türkiyənin TRT telekanalının əməkdaşı Yahia Barzakın həlak olması böyük faciədir. Hadisə jurnalistikanın təhlükəli peşə reallığını bir daha sübuta yetirir, zaman-zaman müzakirəsi aparılan media və ekstremal şəraitlər mövzusunu ön plana çıxarır.

Müharibə və münaqişə zonalarında fəaliyyət göstərən jurnalistlərin üzləşdikləri faciələr, eyni zamanda, söz və ifadə azadlıqlarına, informasiya almaq hüququna zidd təmayül kimi meydana çıxır. Təəssüf ki, beynəlxalq aləm bu cür mənfi təmayüllərin qarşısında acizdir. Y.Barzak da məhz həmin acizliyin növbəti qurbanıdır. Müasir müstəqilliyi dövründə iki müharibə görmüş Azərbaycan jurnalistikasının da onun kimi qurbanları olub”.

Mətbuat Şurası İdarə Heyətinin üzvləri Y.Barzakın Qəzzada həlak olmasından dərin kədər hislərini ifadə edərkən dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər.

 

Paylaş: