
Rusiya və Hindistan arasında işçi qüvvəsinin mobilliyi ilə bağlı sazişin imzalanmasına az qalıb. Yeni razılaşma yaxın illərdə Rusiyada çalışan hindistanlı mütəxəssislərin sayının artırılmasını nəzərdə tutur.
Primeinfo.az xəbər verir ki, bu barədə “Ekonomik Tayms” nəşri məlumat yayıb.
Məlumatına görə, sənəd dekabr ayında keçiriləcək Rusiya–Hindistan sammitində imzalanacaq. Sazişin məqsədi hindistanlı işçilərin Rusiyanın müxtəlif sahələrinə cəlb olunmasını təmin etməkdir.
Hazırda Hindistandan olan mütəxəssislər əsasən tikinti və tekstil sənayesində çalışırlar. Lakin sənaye, maşınqayırma və elektronika sahələrində artan kadr tələbatı onların fəaliyyət imkanlarını daha da genişləndirir.
Bu istiqamətdə Hindistanın əmək naziri ilə Rusiyanın müvafiq qurum rəhbəri arasında Dohada görüş keçirilib. Tərəflər hindistanlı mütəxəssislərin Rusiyaya cəlb olunması məsələlərini müzakirə ediblər.
Gözlənilir ki, Rusiya Əmək və Sosial Müdafiə Nazirliyinin müəyyən etdiyi kvota çərçivəsində 2025-ci ilin sonunadək ölkədə 70 mindən çox hindistanlı işçi rəsmi şəkildə işlə təmin ediləcək.