
Noyabrın 17-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq Çin və Azərbaycan turizm sənayesi nümayəndələrini bir araya gətirən “Çin Ziyarətçiləri Sammiti” (China Visitors Summit) keçirilir.
Primeinfo.az xəbər verir ki, tədbirdə Çinin 50-dən çox turizm şirkətinin nümayəndələri ilə yerli turizm sənayesi nümayəndələri arasında B2B formatlı görüşlərin keçirilməsi və əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Həmçinin tədbir çərçivəsində Çin turizm şirkətlərinin Şamaxı, Qəbələ, Şəki və Qax rayonlarına səfərlərinin təşkili və regional turizm potensialının tanıdılması planlaşdırılır.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin sözlərinə görə, bu ilin yanvar–oktyabr aylarında Çindən Azərbaycana səfər edən turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 % artaraq 57 min nəfərə çatıb:
“Çində keçirilən beynəlxalq sərgilərdə iştirak, Pekin, Şanxay, Quançjou, Şençjen və digər şəhərlərdə təşkili olunan təqdimatlar, həmçinin onlayn kampaniyalar Azərbaycanın Çin turizm bazarındakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib”.