Xəbər axtarın

Son axtarış nəticələri:

Elxan Şahinoğlu: "Hazırda Ukraynada müharibənin ən gərgin döyüşləri gedir" - VİDEO

06.11.2025 20:00

 

“Pokrovsk ətrafında vəziyyət son dərəcə gərgindir. Rusiya-Ukrayna müharibəsində hazırda ən ağır vəziyyət Donetsk vilayətinin Pokrovsk şəhəri ətrafında müşahidə olunur”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində politoloq Elxan Şahinoğlu səsləndirib.

Ekspert bildirib ki, Pokrovsk istiqamətində gedən döyüşlər müharibənin ən gərgin mərhələsinə çevrilib:

“Hazırda vəziyyətin tam mənzərəsini müəyyənləşdirmək çətindir. Hər iki tərəf fərqli məlumatlar yayır. Lakin ümumi vəziyyət göstərir ki, Rusiya işğalçı qüvvələri şəhərin daxilinə irəliləməyə çox yaxındır”.

Elxan Şahinoğlunun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri hazırda manevrlər həyata keçirərək, şəhərin tam işğal olunmasının qarşısını almağa çalışır:

“Ukrayna ordusu hələ də müqavimət göstərir və imkan vermir ki, Pokrovsk tam şəkildə düşmən qüvvələrin nəzarətinə keçsin. Bununla belə, vəziyyət son dərəcə ağırdır”.

Politoloq əlavə edib ki, oxşar mənzərə əvvəlki illərdə Baxmut və Mariupol şəhərlərində də müşahidə olunub:

“O vaxt da Rusiya həmin şəhərləri asanlıqla ələ keçirə bilməmişdi. İndi eyni ssenari Pokrovsk ətrafında təkrarlanır. Lakin bu dəfə vəziyyəti daha da çətinləşdirən bir neçə amil var”.

Ekspertin fikrincə, əsas problemlərdən biri insan resurslarının çatışmazlığıdır:

“Ukrayna tərəfi də etiraf edir ki, canlı qüvvə baxımından ciddi çətinlik mövcuddur. Hazırda müdafiə sistemini gücləndirmək istiqamətində addımlar atılır, lakin bu, çox çətin prosesdir”.

Elxan Şahinoğlu vurğulayıb ki, müharibənin gedişi hələlik qeyri-müəyyən olaraq qalır, lakin Pokrovsk istiqamətində vəziyyətin kritik mərhələyə çatdığı açıq görünür.

Paylaş: