
2026-cı il üçün dövlət büdcəsi gəlirlərinin 16 milyard 910 milyon manatı, yəni 43,8%-i Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşəcək. Bir çox məsələnin vergi yükünün üzərinə düşməsi fonunda bu artım qida məhsullarının və xaricdən gətirilən malların qiymətinə necə təsir göstərəcək?
Primeinfo.az xəbər verir ki, ReAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bu barədə danışıb.
O qeyd edib ki, vergilərin və gömrük rüsumlarının artırılması istər-istəməz qiymət artımına gətirib çıxaracaq.
Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın dövlət büdcəsinin neftdən asılılığı iki istiqamətdə özünü göstərir – birbaşa və dolayı asılılıq. Birbaşa asılılıq Neft Fondundan büdcəyə edilən transferlərlə ölçülür:
“Əvvəllər büdcənin təxminən 50 faizi bu transferlər hesabına formalaşırdı. Hazırda isə bu rəqəm azaldılaraq 40 faiz civarına, bəlkə də daha aşağı səviyyəyə endirilib.
Bu, büdcənin birbaşa neftdən asılılığının göstəricisidir”.
İqtisadçı qeyd edib ki, dolayı asılılıq da hələ yüksəkdir:
“Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərinin gəlirləri, mənfəətləri və mədən vergisi üzrə öhdəlikləri var. Bu şirkətlərdən yığılan vergilər də dövlət büdcəsinə daxil olur və az məbləğ təşkil etmir. Təkcə bu vergi daxilolmaları büdcənin təxminən 4–5 faizini formalaşdırır”.
Natiq Cəfərli əlavə edib ki, həmçinin “ikiqat dolayı asılılıq” deyilən iqtisadi təsir də mövcuddur. Bu isə neft-qaz sektorunun digər sahələrdə yaratdığı iqtisadi aktivlik, məşğulluq və dolayı vergi daxilolmaları ilə əlaqədardır.
İqtisadçı hesab edir ki, bütün bu göstəricilər Azərbaycan büdcəsinin neft sektorundan əhəmiyyətli dərəcədə asılılığının davam etdiyini nümayiş etdirir.