
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Qara dənizdə VİRAT tankerinə şənbə günü edilən hücumun detalları barədə məlumat danışıb.
Primeinfo.az bu barədə “Habertürk”ə istinadən xəbər verir.
“Novorossiysk limanına istiqamətlənən iki neft tankerindən biri, əvvəlki gün Türkiyənin Qara dəniz sahili yaxınlığında partlayışdan sonra alovlanan gəmi, şənbə səhəri yenidən dron hücumuna məruz qalıb”, – deyə nazir bildirib.
Uraloğlunun sözlərinə görə, gəmi sağ bort hissəsində kiçik zədələr alıb, sabit vəziyyətdədir, heyət üzvləri xəsarət almayıb.
O əlavə edib ki, gəmiyə alov düşməyib. “Kapitan telefonla bizə müraciət edərək pilotsuz aparat hücumu baş verdiyini bildirdi. Sahil mühafizəsinin katerləri ora göndərildi”, – məlumatda qeyd olunur.
Ötən gün hücuma məruz qalan “Kairos” tankerində isə daxili bölmələrdə yanğınsöndürmə işləri davam edir. Xarici hissədə alov söndürülüb. Uraloğlu bildirib ki, yanğın tam söndürüldükdən sonra hər iki gəmi, yəqin ki, ən yaxın limana yedəklənəcək.
14:19
Qara dənizdə VİRAT tankeri yenidən pilotsuz katerlərin hücumuna məruz qalıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası yazıb.
Belə ki, hücumun səhər saatlarında olduğu qeyd edilib. Məlumata görə, tankerin su xətti zədələnib. Heyət arasında yaralanan və ya xəsarət alan yoxdur.
12:18
Xəbər verdiyimiz kimi, ötən gecə Qara dənizdə Rusiyaya məxsus “Kairos” və “Virat” tankerində partlayış baş verib. Hadisə ilə bağlı Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu ticarət gəmilərində baş verən partlayışlarla bağlı açıqlama verib.
Primeinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli nazir Qara dəniz sahillərində neft yüklü “Kairos” və “Virat” baş vermiş partlayışların xarici müdaxilə səbəbilə ola biləcəyini deyib.
“Çağrı mərkəzlərimizə birinci gəminin minaya düşdüyü barədə məlumat daxil oldu.
Daha sonra ikinci gəmidə partlayış barədə məlumat aldıq. Hər iki gəminin heyətini təhlükəsiz şəkildə xilas etdik və sahilə çıxardıq.
Üç qayığımız davam edən yanğını söndürməyə davam edir. Partlayışlardan ilk ağıla gələn xarici müdaxilədir ki, bunlar da mina, raket, qayıq və ya dron ola bilər. Hazırda məsələ ilə bağlı heç bir dəqiq məlumata malik deyilik.
Lakin biz hər iki gəmini izləyirik”, – nazir bildirib.