
Ukrayna Silahlı Qüvvələrinin dronları Rusiyaya hücum edib.
Primeinfo.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rostov vilayətinin Qara dəniz sahilində yerləşən Taqanroq şəhərində təyyarə təmiri və pilotsuz uçuş aparatları istehsal edən zavod, Nоvоrossiyskdəki “Şeskharis” neft terminalı, Tuapse neft emalı zavodu və eksperimental A-60 təyyarəsinin yerləşdiyi anqar vurulub.
İlkin məlumatlara görə, eksperimental A-60 təyyarəsi zədələnib. Həmçinin Nоvоrossiyskdə neft tankerləri və S-400 raket kompleksinin bir buraxılış qurğusu məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Taqanroqda fövqəladə vəziyyət elan edilib.
Bu barədə şəhər meri Svetlana Kambulova “Telegram” kanalında bildirib:
“Təcili yardım qrupu yaradılıb. Şəhərimizə edilən kütləvi hava hücumunun nəticələrini aradan qaldırmaq üçün komissiya artıq fəaliyyətdədir”.
Qeyd edilib ki, pilotsuz təyyarələrin zərbələri nəticəsində bir neçə yaşayış binası, bir fərdi yaşayış evi, iki sənaye müəssisəsi, 17 nömrəli uşaq bağçası və Mexanika Kollecinin binası zərər görüb.