
Ankarada ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən mərasim və onun xatirəsinə ithaf olunan “Duman çəkiləndə” romanının təqdimatı keçirilib.
Primeinfo.az xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki səfirliyi, Türkiyə Prezident Millət Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutub.
Azərbaycan və Türkiyə parlamentinin deputatları, diplomatlar, elm xadimləri və ekspertlərin iştirak etdiyi tədbirdə Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Rəsmi açılışda Türkiyə Prezident Kitabxanaları Departamentinin sədri Ayhan Tuğlu, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun sədri Şamil Ayrım, romanın müəllifi Sabir Şahtaxtı və digər rəsmi şəxslər çıxış ediblər.
Əhliman Əmiraslanov bildirib ki, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin himayədarlığı ilə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş yazıçı-publisist Sabir Şahtaxtının müəllifi olduğu “Duman çəkiləndə” romanı Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun apardığı 44 günlük rəşadətli Vətən müharibəsinin tam təfsilatını tərənnüm edir:
“İbrətamiz məhəbbət dastanı olan bu əsər Böyük Qarabağ Zəfərinin tarixi təntənəsini tərənnüm etmək məqsədilə qələmə alınıb. Bu münasibətlə kitabı ərsəyə gətirənləri təbrik edir, onlara dövlətçilik tariximizin təbliğində uğurlu fəaliyyətinə görə təşəkkür edirəm”















