
Məntiq neçə ildir şələ-küləsini götürüb Azərbaycandan gedib. Belə olmasaydı, quru sərhədlər açıq olardı, hər fürsətdə türkə qarşı so@yqırımı edən ermənini bağra basmaq humanizm sayılmazdı, 9 ay gün düşən torpağımızın nemətlərini tullantıya, mal yeminə çevirib Çindən geni dəyişdirilmiş alma, pomidor, düyü…, min bir adda zəhər gətirib ərzaq dükanlarımıza doldurmazdıq. Bunlar 1-2 saniyədə yadıma düşənlərdir.
Məntiqə, ağıla, hesablamalara sığmayan bir məsələ də var – əhaliyə təbii qaz satışı. Neft ölkəsində limit nədir? Bu ölkədə aşağı-yuxarı 6-7 milyon insan yaşayır. Sayımızın 11 milyona yaxınlaşdığını deyirlər, amma hər ailədən ən azı 1 nəfər xaricdədir. İşləməyə gedən, oxumağa gedən, ailə quran… Təbii qazı ən çox “yeyən” sənaye müəssisələridir. Sənayesi olan ölkələrdə… Bizdə sənaye o qədər zəifdir ki, iqtisadiyyatda payı birrəqəmli göstəricilərdə ilişib qalıb. Yaxşı, bəs bu neft-qaz ölkəsinin qazı hara pərvaz eləyir ki, millətə öz HALAL sərvəti limitlə verilir? Üstəlik hər ilin sonunda izaholunmaz fırıldaqla millət soyulur?
Kimsə “xaricə satırıq” dedi… Ölkənin ehtiyacları ödənmədən, xammal ölkəsi olmaqdan çıxmaq üçün addımlar atılmadan kənara qaz satmaq məntiqlidir?
Bizim evdəki qaz sayğacı rəsmi qurumların kabinetlərinə çöküb dövlət büdcəsi hesabına kef eləyən məmur həyatı yaşayır. Vallah…
Sadəcə, qaz sayğacının dövlət büdcəsi mənim cibimdir. İlin 3-4 ayını Bakıda olmuram. Olanda da evdə çox az oluram. Mətbəx plitəsi qazan görəndə sevinir – jurnalistin vaxtı nə gəzir mətbəx işlərinə? Çaydan da 3-4 dəqiqəyə qaynayır. Kombim yayda bir əli yağda, bir əli balda gəlinlər kimidir – yarım saat işləyə-işləməyə. Yanvar, fevral, mart, oktyabr, noyabr, dekabr Bakıda olsam, kombinin işığı yanır. Günə 80 qəpik-1 AZN modunda. Yaxşı, bu dəhşətli “israfçılıqla” necə olur hər il limitim ilk 3-4 ayda qurtarır? Sonra sayğac olur elmə məlum olmayan riyazi hesablamalarla idarə olunan qurğu. Sentyabrda 30 manat yükləyirsən, balans 21 manat göstərir, yaxşı oktyabr-dekabrda bu iştah kimin iştahıdır ki, 20 manat yükləyəndə hop eləyib 10-nu udur?
3 gün qabaq baxdım sayğacda 4 manat qalıb smartkarta 15 manat yüklədim ki, ilin sonuna çatsın. Sayğac 7 manatını “uddu”… Ehtimal edirəm, 1 yanvar saat 00.00-a 1-2 manat qalsa, onu da yeyən tapılacaq və biz “Azəriqaz”la həyata yeni səhifədən başlayacağıq.
Məni yandıran atmosferə qarışan 3-5 manatım deyil, ölkədə dövlət ədəbinin inadla, israrla formalaşmamasıdır. Sanki böyük, güclü, səlahiyyətli düşərgə buna qarşı mübarizə aparır. Hökumət vətəndaşı hər fürsətdə aldadır və vətəndaşın bunu sübut etməsi mümkün deyil.
Təəssüf… Min təəssüf…
Dünən jurnalist həmkarlardan biri zəng edib soruşur ki, Yeni Klinika dövlətin deyil? Deyirəm, dövlətindir. Deyir, yaxın qohumumdan reanimasiya üçün 5 min manat aldılar, yaxşı, bəs hanı tibbi sığorta, pulsuz səhiyyə? Sonra keçdi küfrə, qarğışa… Haqsızdır? 5 min manat Azərbaycanda yüz minlərlə insanın İLLİK maaşıdır. Hər xəstəyə xəstəxana qapısında sağlamlığı od qiymətinə satılacaqsa, səhiyyəyə ayrılan milyonlarla dövlət vəsaiti – MİLLƏTİN PULU, PARASI hara gedir?
Hansı sahəyə baxaq üzümüz gülsün?
Azərbaycanın nüfuzu artır, önəmi çoxalır, regionlar proseslərə yön verir. Qürurlanırıq… Sevinirik… Amma bununla paralel məmurların özbaşınalığı, vətəndaşı heçə saymaq, hər fürsətdə onu yağmalamaq da qalır, axı… Azərbaycan böyüyüb qüdrətləndikcə vətəndaş özünü daha rahat hiss etməli deyilmi? Məmur öz davranışını “dövlətin artan nüfuzuna xələl gətirməmə” moduna keçirməli deyilmi?
Ədəb çatmır ölkədə, ədəb… Ədəbsiz dövlət, toplum qurmaq olmaz. Məmur ədəbsizdirsə, vətəndaş da bacardığı ədəbsizliyi edəcək. Nə qədər sıxılsa da… Eybəcərlik, özbaşınalıq, nifrət çoxalacaq.
Arzumuz budur?
Aygün Muradxanlı, baş redaktor