Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda 2 nəfərin ölümünə səbəb olan avtobus qanunsuz sərnişin daşıyırmış - YENİLƏNİB - VİDEO 

25.12.2025 14:23

Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Bu barədə Primeinfo.az-a AYNA-dan məlumat verilib.

Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək:

“Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”.

TƏBİB-dən verilən məlumata görə, yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11-ə çatıb.

Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.

Hazırda pasiyentlərdən üç nəfərin vəziyyəti ağır, beşinin isə vəziyyəti stabil olaraq qiymətləndirilir.

Üç nəfər ambulator müalicə üçün evə buraxılıb.

***

12:00

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Primeinfo.az-a FHN-dən bildirilib.

Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Əməliyyat tədbirləri nəticəsində avtobusda sıxılı vəziyyətdə qalmış 2 nəfər xilas edilib, 1 qadının meyiti çıxarılaraq aidiyyati üzrə təhvil verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi də Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərdən 2 nəfər hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

***

11:32

Qaradağ rayonunda sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı avtobus ağır qəzaya uğrayıb. Ölənlər və yaralananlar var.

Primeinfo.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəzaya düşüb.

İlkin məlumata görə, avtobusda olan 2 nəfər hadisə yerində ölüb. Onlardan biri Bəşirov Taleh Üzeyir oğlu, digəri isə Cənnət adlı qadındır.

Ölən şəxslər Qaradağ rayonu Çeyildağ qəsəbəsinin sakinləridir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, bu gün saat 09:00 radələrində mərkəzə Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

Paylaş: